"ReaksiyaTV"nin rəhbəri, jurnalist Zaur Qəriboğlu Pakistanlı jurnalist Malik Əyyub Sumbalın ermənipərəst və Əli Həsənovun adamı olduğunu iddia edib. Bu iddia ilə “Reaksiya TV”-də çıxış edən jurnalist illər öncə pakistanlı həmkarı ucbatından 15 nəfər azərbaycanlı jurnalsitlə birgə özünün və ailəsinin təhdid olunduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
''Əli Həsənovla qohum olandan sonra xoşbəxtliyini polisdə tapdı''
“2015-ci ildə bu şəxs Avrasiya media şəbəkəsinə baş redaktor kimi gətirilib. Mən isə oranın direktoru olmuşam. Ermənipərəst mövqeyinə görə mən və bütün komanda oradan ayrılmışıq. Bu, Əli Həsənovun gətirdiyi adamdır. Onu Azərbaycan dövlətinə sırıyıblar və pulla təmin edirlər”.
Jurnalist pakistanlı həmkarının ermənilərə rəğbəti olduğunu sübut edəcək faktlartla çıxış edib:
“Adam 2015-ci ildə sosial hesabında “Ermənistanı müstəqillik günü münasibətilə təbrik edirəm. O gün olsun ki, Dağlıq Qarabağın müstəqilliyini dünya tanısın və mən də təbrik edim” deyə yazıb.
Bununla bağlı məndə skrinlər və faktlar var. Bu adam Azərbaycan hakimiyyətinə sırınıb və informasiya müharibəsində məlumatlar yanlış yerə yönləndirilir. AzTV bu adamdan 10 dəqiqəlik veriliş hazırlayaraq onu beynəlxalq jurnalist, ekspert kimi təqdim edib. Bir soruşan yoxdu ki, haranın eksperti və ya jurnalistidir? Siz bu adamı Pekində bəsləməklə məşğulsuz. Özü şəxsən mənə o vaxt deyib ki, ““Dağlıq Qarabağ”ın xarici işlər naziri mənim dostumdur. Sizin ermənilərlə münasibətinizin mənə aidiyyəti yoxdur”.
Jurnalsit Mətbuat Şurasının sədr müavini Umud Mirzəyevi də ittiham edib.
O, deyib ki, Ümud Mirzəyev məhz adıçəkilən pakistanlı jurnalsitə görə 15 nəfər azərbaycanlı jurnalisti işdən azad edib:
“Bizi elə Umud müəllim küçəyə atmışdı. Mən istəmirdim bu məsələni danışım. Əlbəttə ki, hər şey geridə qalıb və Ümud müəllim dostumuzdur. Amma bu ermənidən ötrü məni küçəyə atdılar.
Mənə “o erməni dediyin min sənin kimiyə, min azərbaycanlıya dəyər” dedilər. O vaxt bu adamın erməni olduğunu aşkar etdim və döymədiyim qapı qalmadı. Mənə dedilər ki, bu, Əli Həsənovun adamıdır, kənara çəkil... Mənlə düşmənçiliyə başladılar və ailəm, övladımla təhdid etdilər. Adamı ölkəmiz üzərindən alver edirlər. O isə Azərbaycanın pulunu yeyib, erməniyə xidmət edir.
Bu məsələdə 2015-ci ildə Mətbuat Şurası başda olmaqla mənə çox böyük dağlar çəkiblər. 15 nəfər işdən kənarlaşdırılan jurnalist şantaj olundu və ailələri təhdid altında saxlanıldı.
İndi düşmən mövqe tutan adam niyə araşdırılmır? O, dünənə qədər sosial şəbəkədə adını “Maks” qoyan adamdır”.
Məsələdə adı çəkilən Mətbuat Şurasının sədr müavini Umud Mirzəyevlə əlaqə yaratdıq.
Sualımızı verər-verməz Umud Mirzəyev onlayn konfransa olduğunu və iclas bitdikdən sonra bizə dönəcəyini bildirdi.
Mövzunu diqqətdə saxlayacağıq.
Alçina Amilqızı, Bizim.Media