Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib, Serbiyaya səfərini məmnunluqla xatırlayıb.
İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini deyib. Dövlət başçısı münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd edib.
Azərbaycan Prezidenti Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Qonaq ilk növbədə Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş edib.
Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edilib, münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi vurğulanıb.
Bizim.Media