Xankəndidəki “Biz və bizim dağlar” abidəsi SÖKÜLMƏLİDİR? – Partiya sədrlərindən AÇIQLAMA

Hazırda oxunan: Xankəndidəki “Biz və bizim dağlar” abidəsi SÖKÜLMƏLİDİR? – Partiya sədrlərindən AÇIQLAMA

157989

19-20 sentyabrda keçirilən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı məşhur “Biz və bizim dağlar” adlı abidə də artıq düşmən işğalından azad olunub. 

Qeyd edək ki, adıçəkilən abidə 1967-ci ildə ucaldılıb və Xankəndinin girişində, Əsgəran rayonu ərazisində yerləşir. 

Ermənilər “Biz və bizim dağlar” abidəsini qondarma rejimin simvolu kimi təqdim edir, ondan öz siyasi məqsədləri üçün yararlanırdılar. Separatçılar “Nənə və baba” adlandırdıqları abidə ilə sübut etməyə çalışırdılar ki, guya bu torpaqlar qədimdən onlara məxsus olub.

Xankəndidə yerləşən "Biz və bizim dağlar" abidəsi sökülməlidirmi?

Bu barədə Bizim.Media-nın sualını cavablandıran partiya sədrlərinin məsələyə münasibəti fərqli oldu. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan polisi Xankəndidəki "məşhur" abidənin qarşısında – VİDEO


AMİP sədri Arzuxan Əlizadə bildirib ki, abidənin sökülməsinə ehtiyac görmür:

“Zamanında həmin abidə sovetlər dönəmində Azərbaycanın öz vəsaiti hesabına tikilib. Sonradan ermənilər onu özününkiləşdirib, özlərinin simvoluna çevirdilər. Ermənilər özünün olmayanları özününkiləşdirməyə öyrəşiblər. Türkiyədəki Ağrı dağı da öz simvolları hesab edir, onu gerblərinə daxil ediblər. İndi ermənilər bu abidələrə həsrətlə baxırlar. Qoy kənardan baxmaqda davam etsinlər. 

Azərbaycan heç zaman abidələri dağıtmayıb. Ermənilərdən fərqli olaraq dini, tarixi abidələri qoruyub saxlayırıq. Bundan sonrakı dönəmdə də abidələri sökməyəcəyik. Əksinə, bərpa edib tarixi görkəmini özünə qaytarmaqla, ermənilərə və bütün dünyaya sübut edəcəyik ki, onların sonradan simvol hesab etdikləri abidələr əslində Azərbaycanın mülkiyyətidir. Ermənilər heç bir halda bu abidələrimizə iddia edə bilməzlər”. 

Yeni Zaman Partiyasının sədri Musa Ağayev də abidənin saxlanılmasının tərəfdarıdır:

“Hansı millət və ya xalqa aid olmasından asılı olmayaraq, mədəniyyət abidələrinin sökülməsinin əleyhinəyəm. Düzdür, ermənilər son 30 ildə Qarabağdakı mədəni irsimizə, abidələrimizə qənim kəsildilər. Amma bununla belə dünyada mədəni irslərin qorunmasının tərəfdarıyam”. 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, ermənilərin müəyyən siyasi məqsəd və Azərbaycana qarşı təbliğat vasitəsi olaraq istifadə etdikləri bu kimi abidələr dağıdılmalıdır:

“Ermənilər uzun müddət belə abidələri guya Qarabağda qədimdən yaşadıqlarının simvoluna çevirmək istəyiblər. Hansı ki, sovet dönəmində tamamilə başqa məqsədlə həmin abidənin tikilməsinə icazə verilmişdi. Sonradan ermənilər guya yerli əhali olduqlarını göstərmək üçün həmin abidədən dünyada təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdılar. Ona görə də belə abidənin orada qalmasına ehtiyac yoxdur”.  

KXCP sədri Mirmahmud Mirəlioğlu də bildirir ki, erməni izləri silinməlidir:

“Ümumiyyətlə, erməni izləri silinməlidir. Qarabağda bizə aid olmayanlar sökülməlidir. Xocalıdakı kilsə də sökülməlidir. Qalan məsələlərə gəldikdə, zamanla öz yerini alacaq”.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə abidə ilə bağlı suala daha düzgün cavabı mütəxəssislərin verə biləcəyini dedi:

“Bu suala daha yaxşı olar mütəxəssislər cavab versin. Abidənin tarixini, simvolizmini nəzərə alaraq, mütəxəssislər, bu sahə üzrə ekspertlər daha düzgün məsləhət verə bilərlər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin