Antiterror tədbirlərindəki tarixi zəfərimizlə bağlı partiya sədrlərindən AÇIQLAMA

Hazırda oxunan: Antiterror tədbirlərindəki tarixi zəfərimizlə bağlı partiya sədrlərindən AÇIQLAMA

156880

Bir günlük lokal antiterror tədbirləri 30 illik işğala son qoydu. Nəhayət ki, Azərbaycanın bütün ərazilərində suveren hüquqlarımız bərqərar olur. Bu şanlı tarixə şahidlik etmək hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir.

Bəs, siyasi partiya liderləri bu prosesləri necə dəyərləndirir?

Bizim.Media partiya sədrlərinin mövqeyini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

DTX-nın Qarabağda unikal əməliyyatı - Terrorçular az müddətdə necə ələ keçirildi?!


Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev qeyd edib ki, lokal antiterror tədbirlərinin çox ciddi nəticələri var: 

“Azərbaycan 30 illik işğala tam son qoydu. Bununla da Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdi. Biz həm də diplomatik sahədə böyük qələbə qazandıq. Bütün dünyanın Azərbaycanın üzərinə gəlməsinə baxmayaraq, dövlətimiz bütün təzyiqləri və basqıları dəf etdi. Nə BMT TŞ-da, nə də ki, Aİ-də Azərbaycan əleyhinə heç bir sənəd qəbul edilmədi. 

44 günlük müharibə nəticəsində Azərbaycan BMT-nin 4 qətnaməsinin icrasına necə nail oldusa, Beynəlxalq hüquqa söykənərək son 2-3 gündə öz ərazilərində suveren hüquqlarını da bərpa etdi. Azərbaycan son uğuru ilə Beynəlxalq separatizmə böyük zərbə vurdu. Artıq dünya ölkələri Azərbaycanın separatizmə qarşı mübarizə metodunu öyrənməyə başlayıb”. 

Razi Nurullayev onu da qeyd edib ki, bəzi adamlar əldə etdiyimiz uğurları görməməzlikdən gəlir:

“Bu qədər uğurun içərisində hansısa nöqsan aşkarlamaq həvəsi ilə yaşayanlar var. Dövlət bu gün şəhidlərin sayını açıqlamırsa, Qarabağda gedən prosesləri tam açıqlığı ilə söyləmirsə, deməli bunun zamanı deyil. Bu zərurətlə barışmayanlarsa düşmən dəyirmanına su tökənlərdir. Onlar ermənilərin uğurlarından güc alanlardır. Belələrinə Azərbaycanın uğurları yox, məğlubiyyəti daha çox maraqlıdır. 

Əminliklə deyə bilərəm ki, həmin kəslərin canı şahid valideynlərinin, yaxınlarının və ən başlıcası da Ölkə başçısı İlham Əliyevdən və vitse-prezident Mehriban Əliyevadan çox yana bilməz. İlham Əliyev bir Ali Baş Komandan kimi bütün məsuliyyəti öz üzərinə götürüb. Və nəyin nə zaman edilməsini də hər kəsdən yaxşı bilir”.

Azərbaycan Ağ Partiyasının sədri Tural Abbaslı da bildirib ki, antiterror tədbirlərinin nəticələri göz qabağındadır: 

“Biz əgər Xocalıya, Ağdərəyə giririksə, 10 mindən artıq silahlı terrorçunun Qarabağı tərk etməsini seyr ediriksə, Xankəndi və digər ərazilərin Ermənistanla olan kommunikasiya xəttlərini kəsib ölkəmizin müvafiq qurumlarının tabeliyinə veririksə, ermənilərin müqəddəs ziyarətgaha çevirdikləri tankı Bakıdakı Qənimətlər Parkında görürüksə, ən nəhayət ermənilər və dünya ölkələri Qarabağ məsələsinin bitdiyini deyirsə, bunlar hamısı bir günlük lokal antiterror tədbirlərinin nəticəsidir. Artıq status məsələsi gündəmdən çıxıb. Bu əməliyyatdan sonra  Azərbaycanla sülh danışıqlarını davam etdirmək üçün Ermənistanın yalvarışlarını görürük”. 

Tural Abbaslı əlavə edib ki, hazırkı prosesdə ən məlumatlı tərəf iqtidardır:

“İlham Əliyev dəfələrlə bildirib ki, nəyi nə zaman etmək lazım olduğunu çox yaxşı bilirik. Əgər bu gün nə qədər şəhid verdiyimiz, nə qədər yaralımız olduğu deyilmirsə, deməli hələlik zamanı deyil. Bu gün proseslər bitməyib, davam edir. Etiraf edək ki, 2020-ci ilin 27 sentyabrdan bəri iqtidarın Qarabağla bağlı apardığı siyasətində iynə ucu boyda nöqsan görmürük. İçi bizim partiya olmaqla heç bir müxalifət partiyası deyə bilməz ki, Qarabağ məsələsində hansısa boşluqlara yol verilib. 

Görünən odur ki, iqtidar beynəlxalq vəziyyəti də, regiondakı durumu da, tez-tez dəyişən dizbalansı da hamıdan yaxşı bildiyi üçün davamlı şəkildə uğurlara nail olur. Təbii ki, müharibə olan yerdə şəhid olacaq. O boyda ABŞ Əfqanıstanda, Suriyada, İraqda minlərlə əsgər itirib. Amma Amerika xalqı buna görə höküməti qınamır. Təəssüf ki, qansız-qadasız qələbə olmur. Şəhid vermədən qələbə mümkün idisə 30 il onda niyə torpaqlarımızı azad etmirdik?! 

Bəzi partiyaların indiki vaxtda xırda hislərlə yaşaması təəssüf doğurur. Bu günkü böyük uğurlarda nöqsan axtarmaq ancaq xalqını, dövlətini sevməyən fərdlərə məxsusdur. Kim hardan qidalanırsa, ordan gələn sifarişi də səsləndirir. Bu böyüklükdə qələbəyə kölgə salmaq cəhdi ən azından insafdan deyil. Bu adamların nə şəhidlərə, nə də ki, onların ailələrinə canı yanmır. Canları yansa, onları da bir dəfə yas, anım mərasimlərində görərdik. Görməmişiksə, deməli onların məqsədi başqadır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vurğulayıb ki, Azərbaycan dövləti öz ərazisində terrorçu silahlı birləşmələri və terrorçu rejimi məhv etdi: 

Və bununla da Azərbaycan bütün ərazilərində suveren hüquqlarının bərpasına nail oldu. Bu doğrudan da çox böyük qələbədir. İnşallah bu qələbənin rəmzi olaraq ən yaxın zamanda Xankındidə Azərbaycanın müqəddəs üçrəngli bayrağı dalğalanacaq. 

Hesab edirəm ki, həm Azərbaycanın, həm də regionun tarixində şanlı bir proses baş verir. Şərəfli bir tarixə şahidlik edirik. İnamla deyə bilərəm ki, baş verənlər bundan sonrakı geosiyasi proseslərə yeni rəng qatacaq. Ən başlıcası Azərbaycanın daha da qüdrətlənməsi və regional gücə çevrilməsində son hadisələr mühüm bir mərhələdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin