Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Bundan əlavə separatçı qurum da ağ bayraq qaldıraraq silahları təhvil verəcəklərini və 21 sentyabrda Yevlaxda Azərbaycan nümayəndə heyəti ilə danışıqlara razı olduqlarını elan ediblər.
Bununla da 19 sentyabrda başlayan antiterror tədbirləri 24 saatın tamamında məntiqi nəticə qazandı. 35 il öncə başlayan erməni separatizmi 24 saatın içərisində tarixə qovuşdu. Həm də 32 ildir torpaqlarımızda olan Ermənistan ordusunun son qalıqlarının da Azərbaycanı tərk edəcəkləri dəqiqləşdi.
21 sentyabrda başladı, 21 sentyabrda bitir
Nə siyasət təsadüfləri sevər, nə də qisas qiyamətə qalar. Bu fikirləri xatırlatmağımız heç də əbəs yerə deyil. Çünki 21 sentyabr tarixi təkcə bizim üçün əlamətdar gün deyil, həm də erməni xalqı üçün sevincli, bir o qədər də kədərli gündür. Çünki 32 il öncə bu gün, 1991-ci ilin 21 sentyabrda Ermənistan SSRİ-dən ayrılaraq, müstəqilliyini elan edib.
Müstəqilliyini elan edər-etməz havadarlarının peşkəşləri ilə qurulan Ermənistan ordusu Qarabağa soxulmağa başladı və Azərbaycanın qəlbindəki separatçılıq xərçəngi metastaz verdi. Məhz həmin vaxtdan başlayaraq Qarabağ münaqişəsi aktiv fazaya keçdi və torpaqlarımızın işğalı, xalqımızın 30 illik ağrı-acıları başladı.
Ta ki 2020-ci ilin sentyabrınadək...
2020-ci ilin sentyabrında xalqımızın ağrılı, acılı günlərinə ordumuzun zəfərləri ilə son qoyuldu. Torpaqlarımız 44 gün ərzində 30 illik işğaldan azad olundu. Yerdə qalanlara qarşı isə Azərbaycan humanizm göstərdi, səhvlərindən nəticə çıxarıb, silahları yerə qoyub, reinteqrasiya etmək şansı verdi.
Ancaq qatil xisləti onlara humanizm dilində danışmağa imkan vermədi. Silahları yerə qoymaqları bir kənara, daha da silahlanıb adətkar olduqları terrora davam etdilər. Yollarımıza minalar basdırıb, 9 soydaşımızın ölümünə səbəb oldular. Bununla da 3 ildir dolan səbr kasamızı daşırdılar və ordumuz onlarla anladıqları dildə, silahlarla danışmağa başladı. 24 saat ərzində 35 illik separatizm dalğası sona çatdı.
Niyə məhz Yevlax?
2 ay öncə Azərbaycan Qarabağın erməni icmasının nümayəndələrinə reinteqrasiya şansı olaraq Yevlaxda görüş təklif etdi. Dialoq üçün Yevlaxın seçilməsi də təsadüf deyildi. Çünki Birinci Qarabağ Müharibəsində Ermənistanın arzusu Yevlaxı da işğal edərək Azərbaycanı bölmək, "Böyük Ermənistan" xülyasını reallaşdırmaq idi. Ancaq əli silah tutmağa alışmışlar verilən şansı dəyərləndirmək yerinə, terrorla nəticə qazanmaq yolunu seçdilər.
Onlar 30 il əvvəl Yevlaxa gələ bilmək üçün çox çalışırdılar və 30 il sonra arzuları qismən reallaşdı. Bu gün onlar Yevlaxa gələcəklər, amma tank belində yox, dizləri üstündə sürünərək... Azərbaycan şərtləri diqtə edəcək, onlara vətəndaşlıq verib, xunta rejimindən xilas edəcək. Bununla da Yevlaxla bağlı xəstə arzular, məhz Yevlaxda sonlanacaq.
Utopik xülyalardan real xoşbəxtliyə...
Ermənistan 32 il öncə müstəqilliyini elan edən zamanda, İrəvan erməniləri küçələrə axışıb "Qarabağ bizimdir" deyə mitinqlərdə bağırırdılar. Sanırdılar ki, Qarabağı işğal edib, özlərinə xoşbəxt gələcək quracaqlar. Amma belə olmadı. 30 il ərzində işğalçılıqları səbəbindən regiondan, eləcə də dünyadan təcrid olunub, bədbəxt duruma düşdülər. Nə özləri bir gün görmədi, nə də Qarabağ ermənilərinə Azərbaycanın tərkibində gün görmək imkanı verdilər.
Ancaq gün gəldi, dövran döndü. 32 il əvvəl Qarabağa silahla gələnlər, bu gün həmin silahları təhvil verib gedəcəklər. Qarabağ ermənilərinin nümayəndələri isə Yevlaxa gəlib, şərtlərimizi qəbul edib, xoşbəxt gələcək yaşamaq imkanı qazanacaqlar.
Yevlax görüşü ilə bağlı Azərbaycanın mövqeyi, müzakirə olunacaq məsələr də bəllidir. Separatçıların təslimiyyəti və Azərbaycana reinteqrasiyanın detalları ilə bağlı erməni nümayəndələrinə məlumat veriləcək.
Ağ bayraq qaldıranlar isə şərtlərimizi qəbul edib, reinteqrasiyaya razı olacaqlar. Bununla da "müstəqillik", "miatsum" ideyaları tarix olacaq, erməni vətandaşlarımız xunta rejiminin əsarətindən qurtularaq, Azərbaycan vətəndaşları kimi həyatlarına davam edəcəklər.
Təbii ki, bu reallığın memarı İlham Əliyevdir.
Onun Ali Baş komandan kimi döyüş meydanında, Dövlət başçısı kimi diplomatiyada qazandığı zəfərlər xalqımıza bu qələbəni bəxş etdi.
Bununla da 30 il əvvəl Ermənistanın müstəqilliyi ilə güclənən utopik "Böyük Ermənistan", "miatsum" ideyaları bu gün başa çatacaq. 32 il əvvəl müstəqilliyini elan edərək, Qarabağdakı erməni vətandaşlarımızı əsarətdə saxlayan quldurlar silahları yerə qoyacaq, torpaqlarımızı tərk edəcəklər...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:25 / 21.09.2023
32 ildə 180 dərəcə dəyişən 21 SENTYABR – Yevlax arzusu ilə qazanılıb, Yevlaxda itirilən “MÜSTƏQİLLİK”
Hazırda oxunan: 32 ildə 180 dərəcə dəyişən 21 SENTYABR – Yevlax arzusu ilə qazanılıb, Yevlaxda itirilən “MÜSTƏQİLLİK”
Hazırda oxunan: 32 ildə 180 dərəcə dəyişən 21 SENTYABR – Yevlax arzusu ilə qazanılıb, Yevlaxda itirilən “MÜSTƏQİLLİK”
156269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.