Xarici İşlər Nazirliyindən hərbi əsirlərlə bağlı sərt BƏYANAT: “İddiaları rədd edirik” - VİDEO

Hazırda oxunan: Xarici İşlər Nazirliyindən hərbi əsirlərlə bağlı sərt BƏYANAT: “İddiaları rədd edirik” - VİDEO

15623

“Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Human Rights Watch” təşkilatının məruzəsində erməni əsirləri ilə pis rəftar halları barədə iddialara cavab olaraq bildiriblər.

 

MÖVZU İLƏ BAĞLI:

''Ermənistan XİN bunları unutmamalıdır'' - Rəsmi Bakı  


“Təəssüf edirik ki, HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Əsassız dəlillərə və yoxlanılmayan faktlara əsaslanan bu cür hesabatların sistematik olması onların etibarlılığını şübhə altına alır.

Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib.

Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb (döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla).

Azərbaycanda hərbi əsirlərin olması iddialarına gəldikdə isə vurğulamaq istərdik ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb. Bu, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə razılaşdırılıb.

2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.

Əlavə olaraq, Azərbaycan Respublikası Ombudsman Aparatının nümayəndələri hərbi əsirlərin və mülki şəxslərin saxlandıqları yerləri ziyarət edərək onların şəraiti ilə tanış olublar.

Azərbaycanda sui-istifadə halları ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı cinayət işləri açılıb. Xatırladaq ki, dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, Ermənistan azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb.

Bir daha vurğulayırıq ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb.

Biz müvafiq beynəlxalq institutları qərəzli mövqedən çəkinməyə və bölgədəki münaqişədən sonrakı vəziyyətlə bağlı hesabatlar tərtib edərkən tam qərəzsizliyi və peşəkar münasibəti təmin etməyə çağırırıq", - XİN-dən bildirilib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin