XİN: “Ermənistan Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib”

Hazırda oxunan: XİN: “Ermənistan Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib”

154301

“Ermənistan Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün istifadə edib. Bu istiqamətdə bizim heç bir çağırışımıza məhəl qoyulmayıb və Azərbaycanın legitim və faktlara əsaslanan narahatlığını aradan qaldırmaq üçün heç bir tədbir görülməyib”.  

Bizim.Media xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib. 

“2023-cü il aprelin 23-də Azərbaycan bu yoldan sui-istifadə hallarının qarşısının alınması, eyni zamanda, sərhəddən hüquqi, şəffaf və tənzimlənən keçidin təmin edilməsi məqsədilə dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi təsis edib. Bütün ittihamlara baxmayaraq, sərhəd-buraxılış məntəqəsi çox həssas şəraitdə nümunəvi şəkildə fəaliyyət göstərib”, - deyə brifinqdə bildirilib. 
Qeyd olunub ki, Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işçi təmasların yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanlayıb. Lakin bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmayıb. 

“Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam edib, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışıb.

Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan iyunun 15-də açıq hərbi təxribat törədib.

Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atıb. Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərilib. Bu fakt BQXK tərəfindən də təsdiqlənib”, - deyə vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin