Hərbçimiz Vaqif Xaçatryanla üzləşdirildi - Sensasion faktlar açıqlandı

Hazırda oxunan: Hərbçimiz Vaqif Xaçatryanla üzləşdirildi - Sensasion faktlar açıqlandı

154131

Azərbaycan ordusunun hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Azay Kərimov Laçın sərhəd keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryanla üzləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə A.Kərimov bloqunda yazıb.

O bildirib ki, Xaçatryan Bakıya gətirildikdən sonra xüsusi-xidmət orqanları əlaqə saxlayaraq, onunla görüşüblər.

Ondan Vaqif Xaçaturyanı tanıyıb-tanımadığını soruşublar: “Dedim: “Tanıyıram. Əsl adi Vaqif, “kliçka”sı Vladikdir! Xankəndidə ermənilər ona Vladik deyirdilər”.

Daha sonra əlamətlərini soruşublar. A.Kərimov bildirib ki, Vaqif Xaçatryanın sol qolunun qatlanacaq hissəsində damar dağıntısı izi və çapıq olmalıdır.

Bundan sonra polkovnik Azay Kərimov xüsusi-xidmət orqanlarının əməkdaşları ilə Badamdara hospitala gediblər və baxış kecirilib.

“Meşəli hadisəsinə qədər biz Vaqifi (Vladiki) 15 may 1991-ci ildə gecə dörd nəfər silahdaşı ilə birlikdə həbs etmişdik. Vaqif məni tanıdı və mənim tərəfimdən döyüldüyünü də dedi. Dünənki üzləşmədə Vaqif hər şeyi etiraf etdi” - deyə A.Kərimov vurğulayıb.
Onun sözlərinə görə, Vaqif Xaçatryan Meşəli faciəsinə kimi Xankəndidə yaşayan 30 000 azərbaycanlı ailəsinin bu şəhərdən min cür işgəncə ilə, öldürülmək və yandırmaq yolu ilə qovulmalarının ən fəal iştirakçılarından biri olub.

“O, Xankəndi Cinayət Axtarış Şöbəsinin rəisi Qəribin (Qarik) dəstəsində olaraq, milli munaqişələri qızışdıranlardan olub. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu. Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra gecə dişi ilə sol damarını çeynəyib dağıtmışdı ki, qanaxmadan ölsün.

Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində hələ o vaxt Vaqif özü-özünə ölüm hökmü çıxarmışdı“, - deyə polkovnik qeyd edib.

A.Kərimovun sözlərinə görə, o zaman buraxıldıqdan 9 ay sonra Vaqif dəstəsi ilə Meşəli faciəsini törədib, 25 sakini öldürüb, azərbaycanlıları əsir götürüb və onlara dözülməz işgəncələr verib. Xocalı hadisəsində iştirak edib və sakinləri öldürüb.

Vaqif öz dilindən başqa Azərbaycan, rus dillərində sərbəst danışır.

Qeyd edək ki, Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində oxuyub. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır.

Xatırladaq ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə ittihamı ilə beynəlxalq axtarışda olub.
İyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istəyərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin