“Prokurorluq orqanları olaraq bizim əsas missiyamız bu faktları, cinayət hadisələrini sənədləşdirmək və prosessual qaydada sübutları toplamaqdan ibarətdir. Biz hazırda bununla məşğul oluruq.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
Kamran Əliyev bildirib ki, Baş prokurorluğun istintaq-əməliyyat qrupu oktyabrın 28-dən hadisə yerində işləyir.
“Müşahidələr bu cinayətlərin hamısının bir mərkəzdən törədildiyini göstərir. Sentyabrın 27-dən bu günədək prokurorluq orqanları tərəfindən 45 cinayət işi başlanıb. Raket zərbələrinin atılması nəticəsində müxtəlif ölüm faktları ilə bağlı 45 cinayət işi başlanıb. Hər bir iş üzrə istintaq-əməliyyat qrupları işləyir”.
Kamran Əliyev bildirb ki, dinc əhaliyə, mülki əhaliyə qarşı törədilən, mülki infrastrukturun dağıdılması kimi müharibə cinayətləri barədə tapşırıqlar Ermənistanın hərbi-siyasi rəhbərliyindən verilir:
“Bununla bağlı bizdə kifayət qədər sübutlar var və bunları açıqlayacağıq. Mən bir daha sizləri əmin etmək istəyirəm ki, belə cinayəti törədənlərin məsuliyyətdən kənarda qalması tarixdə olmayıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin də məsuliyyətə cəlb edilməsi vaxtı çox uzaqda deyil”, - deyə Baş prokuror Kamran Əliyev deyib.
Bizim.Media