Arayik yığdığı sərvətlə birgə aradan çıxmaq istəyir – İqor Korotçenko ilə MÜSAHİBƏ 

Hazırda oxunan: Arayik yığdığı sərvətlə birgə aradan çıxmaq istəyir – İqor Korotçenko ilə MÜSAHİBƏ 

153193

Son günlər Ermənistanla Azərbaycan arasında münasibətlər yenidən gərginləşib. Fransa və digər ölkələrin təhriki ilə Ermənistan və Xankəndidəki qondarma qurum Azərbaycana qarşı bütün istiqamətlərdə hərəkətə keçib.

Bəs, baş verənlər beynəlxalq rakursdan necə görünür? Bunu öyrənmək üçün Rusiya Xəzər strateji araşdırmalar institutunun baş direktoru İqor Korotçenko Bizim.Media-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa Qarabağda müharibəni yenidən alovlandırmağa çalışır” – İqor Korotçenko


- İqor Yuriyeviç, bildiyiniz kimi 3 gündür Azərbaycanın göndərdiyi humanitar yardım Ağdam-Əsgəran yolunda qalıb. Separatçılar yardımın mənzil başına çatmasına əngəl olur.

Sizcə Xankəndidə nə baş verir?

- Bəri başdan deyim ki, Azərbaycanın Xankəndidəki ermənilərə humanitar yardım göstərməsi həm beynəlxlaq hüquq, həm də insanlıq baxımından təqdirəlayiq hadisədir. Baxmayaraq ki, erməni separatçıları Ağdam-Xankəndi yolunu bağlayıblar və humanitar yardımı qəbul etməkdən imtina edirlər.

Azərbaycanın bu cür humanizminə qarşı ermənilərin sərgilədiyi mövqe bütün hüquqi və insani prinsiplərə ziddir. Qarabağdakı ermənilər Azərbaycan ərazisində yaşadıqları üçün bu ölkənin vətəndaşları hesab edilir. Ona görə də Azərbaycanın bu addımı tamamilə qanunauyğundur. Amma qarşı tərəfin bu humanizmə göstərdiyi reaksiya bir daha sübut edir ki, Xankəndidəki ermənilər separatçıların və onların xarici havadarlarının əlində girovdur.

- Sizcə separatçılar və onların havadarları nədən ehtiyatlanır?

- Bu bədnam qüvvələr çox yaxşı başa düşür ki, ilk humanitar yardım qəbul edilsə, bunun davamı gələcək. Nəticədə ermənilərin Azərbaycana reinteqrasiya prosesi başlayacaq və sürətlə inkişaf edəcək.

Beləliklə də separatçı qurum təbii proseslərin axarında yox olub gedəcək. Bax, erməni separatçılarının və onların xarici havadarlarının qorxduğu məsələ budur. Erməni millətçilərini və erməni diasporunu Xankəndidəki insanların taleyi yox, qlobal güclər qarşısında götürdükləri öhdəliklər narahat edir. Separatçıların Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməməsinin digər səbəbi odur ki, onlar özlərini rəsmi Bakıya tərəf kimi tanıtmaq istəyirlər.Bu hesaba da özlərini hüquqi məsuliyyətdən qurtarmaq istəyirlər.

Çünki, Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı hərbi cinayətdə əli olan hər bir kəs qanun qarşısında cavab verəcək. Bax, separatçılar da bu məsuliyyətdən qurtulmaq üçün dirəniş göstərirlər. - Ötən gün separatçıların lideri Arayik Arutyunyan istefaya getdi.

-Bu addım proseslərə necə təsir edə bilər?

- Arayik Arutyunyan Paşinyanın komandasında kifayət qədər vacib fiqur idi. Məhz bu statusundan istifadə edən Arayik özü və ailəsi üçün kifayət qədər böyük sərvət toplayıb.Və yaranmış vəziyyətdə yığdığı sərvəti ilə birgə aradan çıxmaq istəyir. Amma onun gedişiylə nələrinsə dəyişəcəyinə az ehtimal verirəm. Eləcə də Arayikin gedişinin ermənilərin Azərbaycana reinteqrasiyasına elə bir ciddi təsir edəcəyini də söyləyə bilmərəm. Bütün hallarda ermənilərin reinteqrasiya məsələsi daha çox separtçıların və erməni diasporunun buna baxışından asılıdır.

Lakin, indiki vəziyyətdə ermənilərin Azərbaycana reinteqrasiya etməsindən başqa yolları qalmayıb. Çünki, gec-tez Azərbaycan Qarabağ iqtisadi zonasında öz nəzarətini tam gücü ilə həyata keçirəcək, qanunsuz erməni silahlı birləşmələri ləğv ediləcək. Ən başlıcası Azərbaycana qarşı hərbi cinayətlərdə əli olan hər kəs qanun qarşısında cavab verəcək. Əslində, Arayikin bu istefası gələcək məsuliyyətdən qurtulmaq məqsədi daşıyır.

 - Son günlər Fransa da fəllaşıb. Gah Xankəndinə yardım göndərir, gah Paris meri Qərbi Zəngəzura səfər edir, gah da ki, müxtəlif məsuliyyətsiz bəyanatlar səsləndirilir. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla onu deyim ki, İrəvanla Paris arasındakı gizli siyasi sövdələşmələrdə belə bir razılıq var ki, Makron və digər fransız siyasətçiləri Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasəti müdafiə etsin. Ona görə də Fransanın “humanitar yardım”, “Laçın dəhlizi”, siyasi bəyanatlar və digər addımlarının məqsədi həmin gizli sövdələşmənin öhdəliklərindən irəli gəlir.

Bu bir siyasi şoudur. Bunlar hamısı qabaqcadan və gizli şəkildə razılaşdırılmış “layihələrdir”. Ona görə də Fransanın indiki hədəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaqdır. Əslində burda təəccüblü bir şey yoxdur. Biz uzun illər dəfələrlə görmüşük ki, Fransa birmənalı şəkildə Ermənistanın mövqeyindən çıxış edir. Fransa heç zaman haqqın, həqiqətin yanında dayanmayıb.

Fransızların əli 1.5 milyon əlcəzairlinin, yüz minlərlə digər afrikalının, cənub-şərqi asiyalının qanına batıb. Ona görə də rəsmi Paris öz ənənəsini davam etdirir.Təsadüfi deyil ki, beynəlxalq siyasi ekspert və analitiklərinin Fransa ilə bağlı qənaəti var. Bu qənaətsə ondan ibarətdir ki, Fransa işğalçı və soyqırımlar törətmiş bir dövlətdir.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin