Qarabağ ermənilərinə yardım göndərilməsinə partiya sədrlərindən REAKSİYA 

Hazırda oxunan: Qarabağ ermənilərinə yardım göndərilməsinə partiya sədrlərindən REAKSİYA 

153058

Azərbaycan dövləti Ermənistanın və ermənipərəst qüvvələrin vəziyyəti gərginləşdirməyə yönələn addımlarına cavab olaraq, Qarabağda yaşayan erməni vətəndaşlara Ağdam-Xankəndi yolu ilə humanitar yardımın daşınmasını təşkil etdi. 

Düzdür, separatçılar hələ də bu yardımı qəbul etməkdən imtina edir. Amma bununla belə Azərbaycan bu addımla ermənilərin “humanitar fəlakət”lə bağlı uydurmalarının tamamilə yalan olduğunu sübut etdi.

Görəsən, ölkədə fəaliyyət göstərən partiyalar Bakının Ağdam-Xankəndi yolu həmləsi ilə bağlı nə düşünürlər?
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan gedən humanitar karvan 2 gündür Ağdam-Xankəndi yolunda GÖZLƏYİR 


Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirir ki, Azərbaycan bununla humanist siyasət yürütdüyünü növbəti dəfə dünyaya nümayiş etdirib:

“Ermənilər iddia edirdilər ki, guya Xankəndidə yaşayan insanlar aclıq içindədir. Azərbaycan öz vətəndaşlarına humanitar yardım göndərib. Bu mənada Qızıl Aypara Cəmiyyəti Ağdam yolu ilə humanitar yardım aparmaqla mühüm addım atıb. Bunun nəticəsində ermənilərin humanitar yardım şousu ifşa olundu. 

Dünya bir daha anladı ki, Qarabağdakı ermənilər arasında əslində heç bir aclıq yoxdur. Aclıq olsaydı, Ağdam yolu ilə Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul edərdilər. Deməli, burada söhbət siyasi şoudan gedir.
Bununla Azərbaycanın ərazi bütövlüyünü tanımayan qüvvələr birləşib, beynəlxalq hüquq normalarını kobud sürətdə pozaraq, ölkəmizə təzyiq etməyə çalışıblar. Azərbaycan bu fonda atdığı addımla onların bu niyyətini də pozdu”. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, Azərbaycan bununla dünyanı aldatmağa çalışan erməniləri ifşa etdi:

“Ermənilər guya Qarabağda humanitar fəlakətin olduğunu iddia edir. “Humanitar fəlakət” uydurması Azərbaycanın bütün düşmənlərinin ortaq proyekti idi. Ona görə də Azərbaycan bu məsələyə adekvat cavab verməli və dünya ictimaiyyətini aldatmağa çalışan toplumu ifşa etməli idi və atdığı addımla bunu etdi. Bakı Ağdam yolu ilə ora humanitar yardım göndərməklə ilk növbədə göstərdi ki, yolu bağlayan Azərbaycan deyil. 

Paralel olaraq, yardımı qəbul etməməklə ermənilər əslində aclıq problemlərinin olmadığını ortaya qoydular. Çünki problemləri olsaydı, yardımı qəbul edərdilər. Azərbaycan bu addımı ilə Fransanın davranışlarını da ifşa etdi. Göstərdi ki, Bakı öz vətəndaşlarına özü yardım etməkdə maraqlıdır. 
Azərbaycan bununla bir daha suverenliyimizin şəksiz olduğunu, ölkənin bütün ərazilərinə şamil edildiyini nümayiş etdirdi. Bakı həmçinin, bu jesti ilə humanitar yardımın oradakı dinc əhaliyə çatdırılmasına maneə olan qüvvələrin, separatçılar və qanunsuz silahlı dəstələrin aradan götürülməsi üçün hüquqi baza yaratdı. Dünya ictimai rəyi də artıq humanitar yardımın çatdırılmasına kimlərin maneə olduğunu gördü”.   

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Ağdam yolundan istifadə etməklə Azərbaycan dövlət olaraq güclü mövqeyə malik olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi:

“Azərbaycan Ağdam Xankəndi yolu ilə humanitar yardım göndərməklə ermənilər və onların arxasında dayanan qüvvələrin ölkəmizi nüfuzdan salmaq və təzyiq etmək cəhdlərini puç etdi. Bakı bu addımla özünün qanuni hüququndan istifadə etdiyini də dünyaya göstərdi. Ona görə də bu, çox düzgün addımdır. Bununla Azərbaycan dünyaya dövlət olaraq güclü mövqeyə malik olduğunu və onun haqlı mövqeyilə hesablaşmalı olduqlarını da nümayiş etdirdi”. 

Rüfət Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin