Almaniyanın bəzi KİV-lərində Azərbaycan əleyhinə qərəzli silsilə məqalələrin nəşri və yayımlanması son vaxtlar intensivləşib.
Avqustun 10-da həftəlik “Die ZEIT” qəzetində müxbirlər Alise Bota və Marian Mitrovun dərc etdirdikləri “Dünyanın unutduğu: Dağlıq Qarabağ” adlı məqalədən sonra avqustun 24-də gündəlik “Tagesspiegel” qəzetində ermənişünas alim, Berlin Azad Universitetinin keçmiş dosenti Tessa Hoffmanın “Dağlıq Qarabağda genosid təhlükəsi?
Dünya ermənilərin aclıq çəkməsinə imkan verir – öz maraqlarına görə” adlı məqaləsi nəşr olunub.
Avqustun 27-də “Die Welt” qəzetinin onlayn buraxılışında müxbir Pavel Lokşinin “Yalnız “mübarizə anlayışı” – nəyə görə Avropa genosid xəbərdarlığına laqeyd yanaşır” məqaləsi yayımlanıb, avqustun 28-də isə “TAZ“ qəzetində Tiqran Petrosyanın “Dözülən genosid: Almaniya bunun üçün həmməsuliyyət daşıyır“ məqaləsi çap olunub.
Jurnalistlərlə yanaşı, Ermənistan üzrə ixtisaslaşan tədqiqatçıya və əslən erməni millətindən olan şəxsə də imkan verilir ki, Almaniyanın əsas aparıcı mətbu orqanlarında Azərbaycan, onun siyasi rəhbərliyi əleyhinə kəskin qərəzli yazılarla çıxış etsinlər.
“Humanitar fəlakət”, “xristian erməni əhali aclıqla genosidə məruz qoyulur” kimi ifadələr müxtəlif KİV-lərdə dövriyyəyə buraxılaraq tirajlanmaqdadır. Yerli nüfuzlu və geniş tiraja malik mətbu orqanlar vasitəsilə Almaniya hökumətinə təzyiq edilir ki, “seyrçi və hərəkətsiz mövqe tutmağı dayandırsın və yardım etsin”.
Hoffman, Petrosyan və Lokşin yazılarında tarixi faktları açıq-aşkar təhrif ediblər. Petrosyan və Hoffmanın “Dağlıq Qarabağın Stalin tərəfindən 1921-ci ildə Azərbaycana birləşdirilib”, “Azərbaycan 2020-ci ilin payızında beynəlxalq hüquqi pozaraq Dağlıq Qarabağa hücum edib” kimi absurd fikirləri məqalələrdə yer alıb.
Müəlliflər “tarixən məskunlaşdıqları və mütləq çoxluqda yaşadıqları Dağlıq Qarabağda – böyük bir həbs düşərgəsində ermənilərə qarşı kütləvi qətllər törədilir” və “Azərbaycan Dağlıq Qarabağ və Ermənistan arasındakı yeganə quru çıxış yolunu 2022-ci ilin dekabrından bağlayaraq oradakı erməniləri genosidə məruz qoyur” kimi fikirləri oxucunun beyninə yeritməyə cəhd ediblər.
Hoffmann və Petrosyan fikirlərinə “əlavə dəyər qatmaq üçün” Pensilvaniyadakı genosidin qarşısının alınması üzrə Lemkin institutu, Genosid Araşdıran Alimlərin Beynəlxalq Assosiasiyası və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Moreno Okampoya istinadla “Dağlıq Qarabağda ciddi genosid təhlükəsinin mövcudluğunu “əsaslandırıblar”.
Hər üç məqalədə Aİ üzvü olan dövlətlərin Azərbaycan qazına görə seyrçi mövqe tutduqları iddia olunur. Hoffman və Petrosyan 1915-ci il hadisələri ilə paralellər aparır, beynəlxalq aləmin o vaxt da, indi də laqeyd qalmasını "pisləyirlər".
Petrosyan və Loskun məqalələrində federal hökumətin sözçüsü Steffen Hebeştrayta mətbuat konfransında bu barədə ünvanlanan suala onun cavabından bəzi ifadələri qərəzli seçərək “Federal hökumətin hərəkətsiz mövqeyinin təsdiqi kimi göstərməyə çalışırlar“.
Petrosyan hətta irəli gedərək “bugünkü Almaniyanın 1915-ci ildəki Almaniya İmperiyası kimi bu soyqırımının baş verməsində məsuliyyətinin olduğunu” iddia edir.
Lokşin “Die Welt" qəzetində Azərbaycanın ali siyasi rəhbərliyini “erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da mühacirət etmək seçimi qarşısında“ qoymaqla “genosidə məhkum etməkdə” ittiham edir.
Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı, “Şuşanın irsi” kitabının müəllifi Mixael Raynhard Hess burada adları çəkilən qəzetlərdən hər birinin redaksiyasına müfəssəl və əsaslandırılmış etiraz məktubu göndərib və onları öz feysbuk səhifəsində paylaşıb. Hess hər üç alman qəzetini “açıq-aşkar səhv ittihamlar” yaymaqda və “erməni mifoloji fikirlərini təkrarlamaqda” ittiham edib.
M.Hess oxucu məktubunda “Tagesspiegel”i “erməni rəvayətləri” üzərində qurulan “tamamilə birtərəfli” və “yoxlanılmamış” material yaymaqda günahlandırıb.
Alim “TAZ”a etiraz məktubunda Petrosyanın “Azərbaycan 2020-ci ildə Dağlıq Qarabağa beynəlxalq hüquqa zidd olaraq hücum etmişdir” fikrini “absurd və dəlilik” adlandırıb. Hess beynəlxalq hüququn həm de-yure, həm də de-fakto keçmiş Dağlıq Qarabağın Sovet Azərbaycanın ərazisinin bir hissəsi olduğunu və “BMT TŞ-nin 1993-cü il qətnamələrinin bu əraziləri həmişə Azərbaycanın ərazisi kimi təsdiq etdiyini“ yazıb.
O, Hoffman və Petrosyanın “Dağlıq Qarabağın 1921-ci ildə Azərbaycana verilməsinə” dair fikirlərini “erməni tarix mifologiyasının reproduksiyası” kimi qiymətləndirərək “ziddiyyətli”, “tamamilə uydurulmuş iddia” adlandırıb. Alman alim qeyd edib ki, “Qafqaz bürosu təkcə Stalindən ibarət olmayıb, kollegial idarə edilən orqan olub, Stalin 1921-ci ildə bolşevik dövlətinin rəhbəri deyildi“.
O, hətta yeni tarixi mənbəyə istinad edərək yazıb ki, ümumiyyətlə, Stalin 4-5 iyul iclaslarında iştirak etməyib. Tarixi fakt budur ki, “Qafqaz bürosunun qəbul etdiyi, orijinalı rus dilində olan Protokolda Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması/qalması (ostavit) ifadəsi işlənib”.
Hess “Die Welt” qəzetinin də “soyqırımı ritorikalı xora“ qoşulmasını pisləyib və bu nəşrin Ermənistanın Azərbaycana qarşı təcavüzünə olan münasibətini “ikili standard” kimi dəyərləndirərək “qəzeti imperialist-təcavüzkar prinsiplərlə işləməkdə” günahlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:35 / 31.08.2023
Almaniyalı alim ölkə KİV-nin ermənipərəst qərəzini ifşa edib: “İmperialist-təcavüzkar prinsiplərlə işləməyin”
Hazırda oxunan: Almaniyalı alim ölkə KİV-nin ermənipərəst qərəzini ifşa edib: “İmperialist-təcavüzkar prinsiplərlə işləməyin”
Hazırda oxunan: Almaniyalı alim ölkə KİV-nin ermənipərəst qərəzini ifşa edib: “İmperialist-təcavüzkar prinsiplərlə işləməyin”
153048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.