“Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənib, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı məktubda yer alıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Sadır Japarovu TƏBRİK ETDİ
Qırğızıstanın Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdıran Prezident İlham Əliyevin məktubunda deyilir:
“Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.
Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına əmin-amanlıq və firavanlıq arzulayıb.
Bizim.Media