''Erməni Katalikosu Bakıya gələndə heyranlığını gizlətmədi'' - Şeyx səfərin detallarından danışdı

Hazırda oxunan: ''Erməni Katalikosu Bakıya gələndə heyranlığını gizlətmədi'' - Şeyx səfərin detallarından danışdı

15263

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı səfiri Zakari Qrossu qəbul edib.

Bu barədə Bizim.Media QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

QMİ sədri A.Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

Şeyxülislam A. Paşazadə  Azərbaycanla Fransa arasında münasibətlərdə müsbət meyllərdən məmnunluğunu bildirib:

"Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək uğrunda ədalətli mübarizəsinin bəzi dairələr tərəfindən dünyaya qərəzli şəkildə xristianlarla qarşıdurma kimi təqdim edilməsi iftiradan başqa bir şey deyil".

QMİ sədri bu təbliğatın daha çox Erməni Apostol kilsəsi tərəfindən aparıldığına təəssüf etdiyini deyib:

"Birmənalı şəkildə vurğulayıram ki, bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz".

QMİ sədri bölgədə sülh naminə erməni kilsəsinin qarşılıqlı anlaşma, dinc yanaşı yaşama prinsiplərini təbliğ etməli olduqlarını fransalı səfirin diqqətinə çatdırıb:

"MDB Dinlərarası Şurasının həmsədri kimi Katolikos II Qaregini II Bakı Sammitində iştirak üçün Azərbaycana dəvət etmişdi və erməni dini lideri Bakıda şəhərin ən mərkəzi yerində bərpa olunaraq abad şəkildə qorunan erməni kilsəsini şəxsən ziyarət etmiş, burada ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımızla görüş keçirmiş, erməni dilində kitabların qorunub saxlanıldığı kitabxana ilə tanış olmuşdu.
Buradakı təəssüratlarından heyranlığını gizlətməyən dini liderin indi azərbaycanlıları qeyri-tolerantlıqda qınamağı yersizdir. ".

Fransalı səfir QMİ sədri A. Paşazadəyə qəbula görə təşəkkürlərini bildirdi, istər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən şərəf duyduğunu ifadə edib.

Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Fransa üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğuladı.

Azərbaycanın dinlərarası harmoniya modelinin Fransada təşviqi baxımından postpandemiya dövründə bu mövzuda tədbirlərin vacibliyinə diqqəti çəkən Z. Qross səfirlikləri tərəfindən bu işə hərtətəfli təşkilati dəstək verəcəklərini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin