“Rusiya öz siyasi maraqlarına görə, ABŞ-da olan səfirini geri çağırıb. Co Bayden Rusiya Federasiyasının prezidenti Vladimir Putuni qatil adlandırmaqla açıq şəkildə sərsəmlik edib. Bu təhqir həm beynəlxalq münasibətlər etikasına, həm də beynəlxalq hüquq prinsiplərinə zidd bir hərəkətdir”.
Bunu Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, tarixçi və Qafqazşünas Oleq Kuznetsov Rusiya səfirinin ABŞ-dan geri çağırılması barədə danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Avropa Birliyi Baydenin dediklərini təkrarladı: Putin qətllərə görə siyasi məsuliyyət daşıyır
Onun sözlərinə görə, Bayden faktiki olaraq, bu axmaq hərəkəti ilə iki ölkə arasında siyasi qalmaqal yaradıb.
“Hazırda dərin dərrakəyə malik olan şəxslər və qüvvələr bu məsələdə Rusiyanı haqlı saymaqla, onun yanında yer alıblar. Hətta ABŞ-ın NATO-da olan müttəfiqləri belə Baydendən üz döndərib. Bayden bu hərəkəti ilə qadağan olunmuş qırmızı xətti keçdi.
Məncə, o, bu sərsəm sözlərinin Rusiyanın ABŞ-a müharibə elan etməsindən əvvəl verdiyi sonuncu açıqlaması ola bilmə ehtimalını da düşünməlidir. Onu da qeyd edim ki, Vaşinqtonda və ümumiyyətlə ABŞ-da Baydenin Rusiya haqqında açıqlamasını dəstəkləmirlər. Çünki onlar prezidentin yanlış hərəkət etdiyini başa düşürlər”.
Politoloq Baydenin çıxışından sonra Ağ ev rəsmilərinin onun açıqlamaları barədə təkzib yaymağa başladıqlarını da vurğulayıb.
Belə ki, onlar mətbuata Baydenin fikirlərinin təhrik edildiyini bildiriblər.
“Onların sözlərinə görə, Ağ evin rəhbəri Putini ABŞ demokratiyasını məhv etdiyi üçün qatil adlandırıb. Çünki Baydenin fikrincə, Rusiya ABŞ-da 2016 və 2020-də keçirilən prezident seçkilərinə birbaşa müdaxilə edib. Hazırda Bayden administrasiyası prezidentin axmaq çıxışını ört-basır etməklə məşğuldur.
Onlar Baydenə haqq qazandırmaqla, özlərini müdafiə etməyə çalışırlar. Bu cür hərəkətlər isə ABŞ-ın imicinə ciddi xələl gətirə bilər”.
O. Kuznetsov bildirib ki, yaxın zamanda hadisələrin gedişatı bu gərginliyin hansı nəticələrlə bitəcəyini göstərəcək.
Bayden təhrik edərsə, istədiyini alacaq. O, hazırda vəziyyətin gərginliyi bir çox məsələlərə soyuqqanlı yanaşmanı əngəllədiyini də deyib.
Vüsalə Balayeva, Bizim.Media