Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistana CAVAB VERDİ 

Hazırda oxunan: Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistana CAVAB VERDİ 

152304

Ermənistan Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Azərbaycan QAC) bəyanatına qərəzli cavabı böyük təəssüf hissi doğurur. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavabında bildirilib. 

Qeyd edilib ki, qayəsi humanizm prinsipinə söykənən Azərbaycan QAC-ın bəyanatı Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar yardımların çatdırılmasını ehtiva etdiyi halda, Ermənistan QXC-nin qeyri-adekvat reaksiyası anlaşılan deyil: 

“Onların söylədiklərinin əksinə olaraq, Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini, xüsusilə neytrallıq, qərəzsizlik və vahidlik prinsipinə tam riayət edərək heç bir siyasi niyyət güdmədən Azərbaycan QAC-ın nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq ehtiyacı olan insanlara yardım niyyətini ortaya qoyub.

Bu kateqoriyadan olan şəxslərə humanitar yardımın göstərilməsi haqqında bəyanatla çıxış etmək və mövqe bildirmək bizim mandatımıza tam uyğundur və Hərəkatın prinsiplərinə zidd deyil.

Bu hərəkət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsip və dəyərlərinin pozulması demək deyildir, əksinə, insanlığa xidmət edir.

Biz bu bəyanatımızla Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə ehtiyacı olan insanlara yardım göstərməyə hazır olduğumuzu bildirmişik. Maraqlıdır, görəsən burada hansı qanun pozuntusu vardır?! Digər tərəfdən, Azərbaycan QAC respublikanın bütün ərazisində, o cümlədən, Qarabağ iqtisadi rayonunda istənilən humanitar missiyanı həyata keçirməyə tam səlahiyyətlidir, bunun üçün heç kimdən icazə almağa lüzum yoxdur.

Ermənistan QXC-nın Vaqif Xaçaturyanla bağlı mövqeyinə gəlincə, onu qeyd etməyi özümüzə borc bilirik ki, V.Xaçaturyan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində günahsız mülki insanları – uşaq, qadın, qocaları qətlə yetirmiş, hərbi cinayətlərdə birbaşa iştirak edib.
V.Xaçaturyan insanlığa zidd olan cinayətlərinə görə cavab verməlidir. Belə bir terrorçunun, qatilin Ermənistan QXC tərəfindən dəstəklənməsi təəssüf doğurur. Bu, tamamilə Cenevrə Konvensiyalarına ziddir”.

Bildirilib ki, Ermənistan QXC tərəfindən Laçın yolu ilə bağlı söylənilən fikirlər reallığı əks etdirmir:

“Müşahidələrimiz onu deməyə əsas verir ki, bölgədə heç bir “humanitar böhran” yoxdur. Əgər belə bir hal olsaydı, Ermənistan QXC bizim bu xoş niyyətimizi alqışlayar, Beynəlxalq Qızıl Xaç Komitəsi yardımların Ağdam-Xankəndi yolu ilə çatdırılmasını təmin edə bilərdi. Əsassız fikirlərin səsləndirilməsi sadəcə çaşqınlıq salmağa xidmət edir.

Ermənistan QXC-nin bəyanatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edilməsinə gəldikdə isə, Azərbaycan Respublikası tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması onun öz sərhədləri daxilində suveren hüquqlarının qorunmasına xidmət edir.

Hal-hazırda erməni sakinlər Xankəndidən Ermənistana və geriyə maneəsiz hərəkət edirlər. Erməni sakinlər üçün heç bir məhdudiyyət yoxdur. Müsahibələri zamanı onlar öz məmnunluqlarını dəfələrlə bildiriblər.

Ermənistan QXC-nin cavab məktubu bizdə belə bir şübhə yaradır ki, o, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının humanitar prinsiplərinə zidd olaraq siyasətə qarışır və Ermənistan hökumətinin əlində bir alətə çevrilmək təhlükəsi ilə üzləşib.
30 ilə yaxın bir müddətdə Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, həm Ermənistandan, həm də Azərbaycanın Qarabağ bölgəsindən bir milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə insanın qətlə yetirilməsi, tarixi, mədəni və dini abidlərin məhv edilməsi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməməsi və s. barədə indiyədək heç bir bəyanat verməyən, mövqe bildirməyən Ermənistan QXC-nin bu bəyanatı bizdə haqlı olaraq təəssüf və təəccüb hissi doğurur. 

Ermənistan Qızıl Xaç Cəmiyyətinə məsləhət görürük ki, yazdıqları bəyanat, səsləndirdikləri ifadə və fikirlərdə dəqiq, məsuliyyətli olsunlar, tərəfsizlik, qərəzsizlik nümayiş etdirsinlər. Siyasi proseslərin, siyasi avantüranın alətinə çevrilməsinlər.

Bu bəyanatı qəbul edərkən, yaxşı olardı ki, Ermənistan QXC Azərbaycan QAC-ın məlum bəyanatını diqqətlə nəzərdən keçirərdi.

O halda qəbul etdikləri bəyanatda yoxlanılmamış, dəqiq olmayan qərəzli fikirlərə yol verməz, qarşı tərəfi haqsız günahlandırmazdılar. Bir daha təkrar edirik, Azərbaycan QAC-ın bu bəyanatı verməkdə məqsədi həqiqi yardıma ehtiyacı olan insanlara təcili, təxirə salmadan humanitar yardım göstərməyə hazır olduğumuzu bildirmək olmuşdur. Bu, birbaşa missiyamızdır. 

Ermənistan QXC-nin başqa bir dövlətin ərazisində olan məsələlərlə əlaqəli fikir bildirməsi sual doğurur. Bu məsələlər onların mandatına və missiyasına aid deyil. Həm də başqa bir Milli cəmiyyətin işinə kobud müdaxilədir. Yaxşı olar ki, Ermənistan QXC öz ərazisində olan humanitar məsələlərin həllinə zaman ayırsın. 

Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır.
Belə ki, həmin razılaşmaya görə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının hüdudlarında bu sahədə müstəsna hüquqlara malik deyil. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi BQXK-nın səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir, onunla koordinasiya şəklində həyata keçirilir. 

Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla - Beynalxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq. 

Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır.

Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin