Xəbər verdiyimiz kimi Laçındakı NBM-dən 60-dan çox erməni sərbəst şəkildə Azərbaycan ərazisini tərk edib. Bu əslində Qarabağdakı ermənilərin gözlənilən böyük köçünün anonsudur. Biz yaxın zamanlarda bu köçün daha böyük axınına şahidlik edəcəyik.
Bəs, ermənilər Qarabağdan niyə gedir?
Qarabağdan ermənilərin getməsini zəruri edən əsas məsələ mövcud reallıqlardır. Reallıqsa ondan ibarətdir ki, bir çox ermənilər siyasi oyunlara alət olmaqdan beziblər. Nəzərə alaq ki, köç edənlər Rusiya pasportu daşıyan ermənilərdir. Həmin ermənilər Qarabağa ayrı-ayrı məqsədlər üçün gəliblər.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin Qarabağdan başlayan böyük köçü barədə Fazil Mustafadan MARAQLI FİKİR
Məsələn Qarabağda məskunlaşan Rusiya pasportlu ermənilərin böyük hissəsi birbaşa siyasi oyunların iştirakçılarıdır. Onlar Qarabağda Azərbaycanın milli sərvətlərini talan etməklə varlanmaq eşqi ilə bura gəliblər. Bu ermənilər həm də yerli ermənilər arasında ciddi pozuculuq işləri aparıblar. Onlar zaman-zaman Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışıb, ona dəstək veriblər.
Lakin, 44 günlük müharibədən sonra regionda baş verənlər həm onları, həm də onların arxalarında duranlara başa saldı ki, Azərbaycanla bu cür çirkin oyunları davam etdirə bilməyəcəklər. Ona görə də yaranmış vəziyyəti fürsət bilən ermənilər aradan çıxırlar.
Rusiya vətəndaşı olan ermənilər Qarabağa niyə gəlmişdilər?
Nəzərə alaq ki, Rusiya vətəndaşlığı olan ermənilərin Qarabağda məskunlaşdırılması çox çirkin oyunun bir halqasıdır.
Bu erməniləri Qarabağda yerləşdirən qüvvələr müəyyən vaxtlarda Donbas və Dnestryanı senarisini gündəmə gətirməyi düşünürdülər. Guya ki, Rusiya vətəndaşları Azərbaycan tərəfdən Qarabağda hansısa diskriminasiyaya və yaxud ədalətsizliyə məruz qalıblar. Və belə vəziyyətdə Rusiya höküməti öz vətəndaşlarıını müdafiə etmək hüququndan istifadə edərək Azərbaycana müdaxilə və yaxud təzyiq planını işə salır.
Lakin, Azərbaycanın düşünülmüş siyasəti və qətiyyətli möqeyi xarici güclərin bu planlarını pozdu. Üstəlik, məlum ssenarinin Rusiyanı Ukraynada labirintə saldı. Ona görə də Qarabağda hazırlanan bədnam plan pozuldu. Axı. Rusiya sonu görünməyən Ukrayna müharibəsi ilə paralel Cənubi Qafqazda ikinci cəbhənin açılmasına indiki vaxtda tab gətirə bilməz.
Çünki, bu Rusiya üçün çox ağır nəticələrə gətirib çəxardar.
Ona görə də Rusiya vətəndaşlığı olan ermənilərdən siyasi təzyiq vasitəsi kimi istifadə imkanı gündəlikdən çıxıb. Bunu dərk edən separatçı ermənilər yaxın gələcəkdə Azərbaycan qanunları qarşısında cavab verməkdən qurtulmaq üçün Qarabağı tərk etməyə başlayıblar.
Say artırmaq planının uğursuz sonu
Köçüb-qaçan ermənilərin bir qismi isə aldadılmışlardır. Bildiyimiz kimi son 30 ildə dünyanın müxtəlif ölkələrindən Qarabağa erməni ailələri köçürülüb. Bu prosesinsə mahiyyəti Azərbaycan ərazisində daha çox ermənini məskunlaşdırmaq olub. Dünyanın 4 bir yanından Qarabağa erməni gətirməklə erməni başbilənlər dünyaya və Azərbaycana sübut etməyə çalışırdılar ki, Qarabağda 120 min erməni var.
Lakin hələ bu köçə qədər də sübut olunmuşdu ki, Qarabağda vur-tut 30-35 min erməni var. Bu köç həm də onu göstərdi ki, Qarabağda həmin 30-35 min ermənin xeyli hissəsi son 30 ildə süni şəkildə məskunlaşdırılmış əcnəbi vətəndaşlığı olan ermənilərdir.
Azərbaycan ikinci yol qoymur
Xankəndini tərk edənlər gələcəkdə Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərdir. Yada salaq ki, Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki,Qarabağda Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən ermənilər qalıb yaşaya bilər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçünsə qapılar açıqdır. Və açılmış bu qapıdan keçən 60-dan çox erməni artıq Azərbaycanı tərk edib.
Lakin, gedən ermənilərin sayının daha çox olacağı proqnozlaşdırılır.
Çünki, əcnəbi ermənilər bu və ya digər şəkildə Azərbaycana ziyan vurub, maddi-mənəvi sərvətlərimizi talayıblar. Üstəlik, Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq anlayışı yoxdur. Azərbaycanda uzun müddət yaşamaq istəyən istənilən şəxs Azərbaycan vətəndaşlığını qəbul etməli, bu dövlətin qanunları ilə hərəkət etməlidir. Bu məsələdə istisnalar yoxdur və ola bilməz.
Surxay Atakişiyev,Bizim.Media