Prezident Koreya Xalq Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini QƏBUL ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Koreya Xalq Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini QƏBUL ETDİ - FOTO/VİDEO

151338

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Sonra dövlət başçısı səfirlə söhbət edib. 

Qəbula görə dövlət başçısına təşəkkürünü bildirən səfir Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Inın salamlarını Prezident İlham Əliyevə çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarının Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədrinə çatdırmağı xahiş edib. 

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıran səfir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını bildirib. O, Azərbaycanın və Koreya Xalq Demokratik Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının vacibliyini vurğulayıb, iki ölkənin parlamentləri, eləcə də Yeni Azərbaycan Partiyası ilə Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib.
Sin Xon Çxol Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsini nəzərə alaraq, Koreya Xalq Demokratik Respublikasından olan tələbələrin Azərbaycanda bu sahədə təhsil almasının vacibliyini diqqətə çatdırıb. 

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib. Ulu Öndər Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərini xatırladan Prezident İlham Əliyev bu səfərin sonrakı illərdə - Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələrin inkişafına təkan verdiyini qeyd edib. 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilən Zirvə görüşü çərçivəsində Koreya Xalq Demokratik Respublikasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təşkilatçılar çərçivəsində ölkələrimiz arasında əlaqələri diqqətə çatdırıb. 

Dövlət başçısı parlamentlər, hakim partiyalar arasında münasibətlərin və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. 
 









Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin