“İşğal edilən ərazilərdə 67 məsciddən yalnız üçü nisbətən salamat qalıb” – Polad Bülbüloğlu

Hazırda oxunan: “İşğal edilən ərazilərdə 67 məsciddən yalnız üçü nisbətən salamat qalıb” – Polad Bülbüloğlu

15056

“Mənim atam - tanınmış xanəndə və opera müğənnisi, SSRİ Xalq artisti Bülbül Şuşada doğulub, orada boya-başa çatıb. Təhsilini davam etdirmək üçün əvvəlcə Gəncəyə, sonra Bakıya köçüb, daha sonra bir neçə il İtaliyada təcrübə keçib. Lakin o, ömrünün sonuna qədər öz kiçik vətəninə böyük sevgisini qoruyub saxlayıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Nezavisimaya qazeta”ya müsahibəsində Qarabağda dinc həyatın bərpası prosesinin gedişi və bu işlərə mane olan amillər barədə danışarkən deyib.

“Mən atamla bərabər tez-tez Qarabağa, Şuşaya gedirdim və ömrümün o xoşbəxt dövrü barədə ən səmimi xatirələrim var. Sonradan, mən Azərbaycanın mədəniyyət naziri olduğum dövrdə, Qarabağ müharibəsi başlanana qədər Şuşada “Xarı bülbül” folklor festivalı təşkil edirdim.

Sonra isə... Məlum olduğu kimi, toplar dilə gələndə incəsənət susur”, deyə diplomat qeyd edib.

Polad Bülbüloğlu 1980-ci illərdə Bülbülün evində muzey yaradıldığını və muzeyin həyətində atasının heykəlinin qoyulduğunu xatırladıb:

“Çox böyük qüssə ilə qeyd etməliyəm ki, Qarabağın işğal altında olduğu 30 il ərzində bu muzey də, atamın heykəli də darmadağın edilib”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri işğaldan azad edilmiş ərazilərdə dağıntıların miqyasının ölçüyəgəlməz dərəcədə olduğunu xüsusi vurğulayıb:

“Bircə rəqəm göstərim: işğal edilmiş ərazilərdəki 67 məsciddən yalnız üçü nisbətən salamat qalıb. Vaxtilə çiçəklənən, abad şəhərlər bu gün kabusları xatırladır. Orada o qədər dəhşətli vəziyyət yaranıb ki, əcnəbi jurnalistlərdən biri Ağdamı “Qafqazın Xirosiması” adlandırıb. Lakin ümidsizlik, kin-küdurət bizim xalqa xas olan cəhətlər deyil, ən böyük arzumuz tezliklə öz yurdumuza qayıtmaq və hər şeyi yenidən qurub yaratmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin