Qeydiyyatına mənfi cavab verilən PARTİYALAR – SİYAHI 

Hazırda oxunan: Qeydiyyatına mənfi cavab verilən PARTİYALAR – SİYAHI 

150409

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. “Siyasi partiyalar haqqında “ qanun qəbul edilməsindən sonra son 6 ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bununla paralel Ədliyyə Nazirliyi yenin qanunvericiliyə uyğun fəaliyyətini davam etdirən siyasi partiyaların təkrar qeydiyyatına başlayıb. Ötən aydan isə Nazirlik təqdim edilən yeni sənədləri yoxlayıb patiyalara müvafiq qaydada cavab məktubu göndərib.

Nəticə isə belədir ki, bu günədək 19 siyasi partiya Ədliyyə Nazirliyindən mənfi cavab alıb.

Bizim.Media qeydiyyatdan mənfi cavab alan partiyaların siyahısını təqdim edir:

1. Müsavat

Mənfi cavab alan Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb və s. 

2. Vətəndaş Həmrəyliyi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli qeyd edir ki, bəzi partiya üzvlərinin adları digər siyasi təşkilatların siyahısında da çıxıb:

“Üzvlərimizlə əlaqə saxlayıblar. Elə adamlar olub ki, adı partiyamızda qeyd edilməklə yanaşı, başqa siyasi təşkilatların siyahısında da qeyd edilib. Bu ərəfədə partiya üzvlərimizdən dünyasını dəyişənlər də olub. Məsələn, siyahı veriləndən sonra bir nəfər üzvümüzün dünyasını dəyişdiyini bilirəm. Bir çox partiyalardan fərqli olaraq biz üzv olmaq üçün ərizəsi olanların siyahısını vermişik”. 

3. Milli Dirçəliş Hərəkatı Partiyası

Keçmiş deputat Fərəc Quliyevin sədrlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasına (MDHP) da mənfi cavab gəlib.

Ədliyyə Nazirliyinə təqdim edilmiş siyahıdakı 10202 nəfərdən 221 nəfərin başqa partiyaların da üzvü olduğu, 257 nəfərin vəfat etdiyi, 184 nəfər barədə məlumatların təkrarlandığı, reysterə təqdim olunmuş şəxslərlə əlaqə saxlanılarkən 194 nəfərin partiya üzvlüyünün təsdiq olunmadığı bildirilib. 3501 şəxsin məlumatlarında (ad, soyad, ata adı, təvəllüdü) səhvlər olduğu qeyd olunub.

4. Ağ Partiya

Ədliyyə Nazirliyi AĞ Partiyanın iyulun 5-də təqdim etdiyi üzvlüklə bağlı müraciətinə iyulun 26-da cavab verib. AĞ Partiyanın sədri Tural Abbaslının məlumatına görə, təqdim etdiyimiz siyahının Ədliyyə Nazirliyi tərəfindən yoxlanışının ilkin nəticələrinə görə 4435 nəfər üzvümüz qeydə alınıb:

“3414 nəfər reysterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar (ad, soyad, ata adı) tərəfimizdən dəqiqləşdiriləcək. Dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı barədə məlumatlar qeyd edilib”.

5. Böyük Quruluş Partiyası

Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, Nazirliyə 8415 nəfərdən ibarət üzvlük siyahısı təqdim ediblər:

“Onlardan 3012 şəxslə bağlı düzəlişə ehtiyac var ki, daha çox ad, soyad, doğum tarixlərində, yaxud ünvanlarda problemlər var. 1000 nəfərin başqa partiya üzvü olması, 21 nəfərin vəfat etməsi və digər çatışmazlıqlar yer alıb. Yaxın bir ayda siyahı üzərində yenidən iş aparıb təqdim edəcəyik”.

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Ədliyyə Nazirliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) müraciətinə də mənfi cavab verib. Partiya sədri, deputat Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyinin cavabını belə dəyərləndirib:  

"Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaqdır”.

6. Milli Cəbhə 

Milli Cəbhə Partiyası Nazirliyə 5396 nəfər üzvün məlumatını göndərib və onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunub. Razi Nurullayev deyib ki, onlara 90 nəfərin başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilib:

"210 nəfər MCP üzvü olmadığını deyib, 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib (bu təbiidir, çünki, ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər). Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik. Təqdim etdiyimiz 5396 nəfərdən 3504 nəfər qəbul edilib. 845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirilməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək bu günə aşağı-yuxarı 4349 nəfər var".

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır. Ədliyyə Nazirliyindən mənfi cavab gələn digər partiyalar isə aşağıdakılardır:

7. Respublikaçı Alternativ (REAL)
8. Azərbaycan Demokrat Partiyası (ADP)
9. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
10. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
11. Gələcək Azərbaycan Partiyası (GAP)
12. Ümid Partiyası 
13. Azadlıq Partiyası
14. Ədalət Partiyası
15. Azərbaycan Xalq Partiyası (AXP)
16. Azad Vətən Partiyası 
17. Demokratik İslahatlar Partiyası(DİP)
18. Azərbaycan Xalq Cəbhəsi Partiyası
19. Ana Vətən Partiyası

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin