Separatçıların son çırpınışlarıdır. Ən azı həyatda və azadlıqda qalmaq üçün son cəhdlərini edirlər. Azərbaycanın qətiyyəti qarşısında çıxılmaz vəziyyətdə qalan terrorçular son kartlarını dövriyyəyə buraxır.
Əslində separatçıların yalnız bir hədəfləri var: Azərbaycan qanunları ilə mühakimə olunmaqdan qurtulmaq. Onlar çalışır ki, sülh danışları prosesinə, ən pis halda isə erməni icması ilə təmaslarda iştirak etsinlər və bununla da özlərinin əfvlərinə təminat alsınlar.
Məsələn, separatçıların son bəyanatını nəzər salaq. Onlar deyirlər ki, BQXK-nin Ağdamdan Xankəndinə gəlişi üçün ilk növbətə insanlıq qatili Vaqif Xaçatryan qeyd-şərtsiz azad olunmalıdır.
Bu məntiqdən nə qədər uzaq olsa belə, yuxarıda dediyimiz fikrin sübutudur. Separatçılar hansı yolla olursa-olsun özləri üçün təminat almaq istəyirlər. Onlar üçün etnik ermənilərin maraqları ən axırıncı məsələdir.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən xarici beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, burda digər məqsəd BQXK-ni münaqişədə tərəf kimi göstərməkdir:
MÖVZU İLƏ BAĞLI:
Karvana hürə bilmədilər, cəllad üçün ulamağa BAŞLADILAR – Xaçatryanın həbsi kimi NARAHAT EDİR?
“Bu acı reallıqdır ki, bu qurum bütün zamanlarda özünü ermənilərin tərəfkeşi kimi göstərib. Fakt budur ki, BQXK özü də bilmədən və ya bilərəkdən ermənilərin əlində siyasi alət olub. Və indiki məqamda da qurumun Bakı ofisi ilə əməkdaşlıq üçün separatçılar konkret təklif irəli sürürlər.
Guya ki, insanlıq qatili olmasa separatçılar BQXK-nin Bakı ofisini Xankəndinə buraxmayacaqlar.
Bu siyasi manipulyasiya olmaqla yanaşı, həm də sülh prosesini əngəlləməkdir. Arayik Arutyunyanın son açıqlamasına baxsaq görərik ki, beynəlxalq aləmin ermənilərin istəklərinə qarşı pozitiv reaksiyası çox cüzidir. Bu reaksiyalarınsa təsir imkanları sıfıra bərabərdir”.
Əziz Əlibəyli onu da qeyd edib ki, ermənilər çox narahatdır:
“Narahatdırlar, ona görə ki, 30 il əvvəl hansısa cinayətdə əli olan Vaqif Xaçatryana qarşı Azərbaycan belə bir sərt və qətiyyətli mövqe nümayiş etdirirsə, deməli indiki separatçıları da yaxşı aqibət gözləmir.
Əslində separatçılar bununla Azərbaycanın nəbzini yoxlayır. Xaçatraynın azad olunması tələbini irəli sürməklə gələcəkdə Qarabağdakı hazırkı separatçıların məsuliyyətdən qurtulma imkanların öyrənmək istəyirlər.
Ona görə də Xaçatryana azadlıq tələbinin müəyyən şərtlər daxilində irəli sürməklə separatçılar Azərbaycanla gələcək təmaslarda tərəf kimi iştirak etmək istəklərini ortaya qoyurlar. Bu isə heç bir halda qəbulediləsi hal deyil. Çünki, Azərbaycan dəfələrlə bəyan edib ki, separatçılar heç bir danışıqlarda tərəf ola bilməz. Onlar cinayətkardır və gec-tez Azərbaycan qanunları ilə mühakimə ediləcəklər”.
Surxay Atakişiyev, Bizim.Media