Erməniləri şoka salan Hadrut əməliyyatı – Polkovnikdən açıqlama

Hazırda oxunan: Erməniləri şoka salan Hadrut əməliyyatı – Polkovnikdən açıqlama

14928

“Hadrutun unikallığı ondan ibarətdir ki, strateji əhəmiyyəti var idi. Həm Cəbrayıl, həm də Füzuli istiqamətində Hadrut vacib məntəqə idi. Ordumuz Cəbrayılı azad edəndən sonra Hadrut da geri qaytarıldı. Həmin istiqamətdən hücumu düşmən gözləmirdi. Çünki ermənilər Füzuli həmləsindən ehtiyatlanırdı”.

Bu sözləri Bizim.Media ilə dialoq zamanı ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

''Deyirdilər ki, guya Hadrut ermənilərdədir'' - Prezident açıqlama verdi


Polkovnik bildirdi ki, Hadrutun azad olunması həmin ərazidən keçən çoxsaylı yolları da bağlamağa imkan verdi: 

“Qırmızı Bazar, Füzuli istiqamətinə gedən yollar nəzarətə götürüldü. Hadrutun azad olunmasını ermənilər necə gözləmirdilərsə, hətta Azərbaycan bu torpaqları qaytardıqdan sonrakı 2-3 gündə İrəvan rəsmiləri, erməni mətbuatı Hadrutun onlarda olduğunu bəyan edirdi. 
 

Onlar bilirdilər ki, Hadrutun azad olunması xəbəri erməni hərbçilərində ruh düşkünlüyü yaradacaq. Hadrutu qaytarmaq üçün ermənilər çoxsaylı əks-həmlələr reallaşdırırdılar.


Buna görə də ermənilər Hadrutda çoxlu itkiyə məruz qaldılar. Azərbaycan ordusunun şəxsi heyətinin peşəkarlığı, düzgün istiqamətləri müəyyənləşdirə bilməsi və hərbçlərimizin gücü Hadrutun azad olunmasını gerçəkləşdirdi. Ardınca şimal və cənub istiqamətinə (Qarabağda) gedən yollar bağlandı.

Çox vaxt Hadrutun azad olunmasını Şuşanın geri qaytarılmasına bağlayırıq. Çünki Hadrutu qaytarmaqla Ali Baş Komandan Şuşa istiqamətini seçdi. Hadrut Şuşaya açılan qapı idi. Çoxsaylı məlumata görə düşmən Azərbaycan ordusunun Şuşaya hücumunu Laçın istiqamətindən gözləyirdi.
 

Ermənilərin ehtimalına görə Azərbaycan hərbçiləri Qırmızı Bazar tərəfdən də hücum edə bilərdi. Azərbaycan ordusu isə gözlənilmədən Hadrut istiqamətindən Şuşaya doğru hərəkətə keçdi”.


Hadrutun mərkəzdə yerləşdiyini vurğulayan hərbi ekspert diqqətə çatdırdı ki, qəsəbənin azad olunması ilə ordumuz üçün növbəti hərəkət istiqamətləri də açıldı. 

“Cənab Prezidentin də söylədiyi kimi, hərbçilərimiz keçilməz qayaları da keçdilər, çətin əraziləri, maneələri dəf edərək məhz Şuşanın azadlığına nail oldular. Zəfər müharibəsində gedən döyüşlər, ələlxüsus da Hadrut əməliyyatları XXI əsrin hərb tarixində özünəməxsus yer tutacaq”, - deyə polkovnik Şair Ramaldanov fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin