Ermənistan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribatları davam etdirir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhaliyə Azərbaycan tərəfi ilə razılaşdırmadan “humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 2-də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərəkət etmək istəyən daha iki yük avtomobili digər yük avtomobillərinin dayandığı əraziyə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev: “Ermənistan ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirir”
Bununla da avtomobil karvanında olan nəqliyyat vasitələrinin sayı 21-ə çatıb.
Bu, Ermənistanın məkrli niyyətini və təxribatçılıq əməllərini davam etdirdiyini, gərginliyi artırmağa çalışdığını bir daha göstərir.
Azərbaycanın ölkəmizlə razılaşdırmadan heç bir yükün suveren ərazilərimizə keçirilməsinə icazə verməcəyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan etməsinə baxmayaraq, ermənilərin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən istifadə etməkdə israrlı olması ictimai rəyi çaşdırmaq üçün növbəti cəhdidir.
Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa siyasi şou, manipulyasiya və təxribat xarakteri daşıyır.
Qeyd edək ki, aprelin 23-dən – “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulduğu vaxtdan indiyədək Qarabağın 2 mindən artıq sakininin Ermənistana asan şəkildə gediş-gəlişi təmin olunub.
Bizim.Media