Hulusi Kılıç Avropaya səsləndi: "Çirkli əllərini can Azərbaycandan çək"

Hazırda oxunan: Hulusi Kılıç Avropaya səsləndi: "Çirkli əllərini can Azərbaycandan çək"

148681

"Mən Avropaya səslənirəm, kirli əllərini can Azərbaycandan çək. Qarabağda yaşayan ermənilər isə bilməlidirlər ki, oyun bitib. Bu gün Qarabağda yaşayan ermənilərə yardım gətirmək bəhanəsi ilə şou yaratmağa çalışırlar. Bu, erməni diasporu tərəfindən hazırlanan pis bir ssenari, pis bir teatrdır. Onlar bundan şou düzəltmək istəyirlər.

Avropa ermənilərin oyuncağı olmaqdan xilas olmalı, bölgədəki pis əməllərindən əl çəkməlidir. 30 il can Azərbaycanımızın torpaqları işğal altında idi. Birinci Qarabağ müharibəsi dövründə minlərlə Azərbaycan vətəndaşı evindən, yurdundan didərgin salındı, minlərlə günahsız insan qətlə yetirildi, Xocalı soyqırımı törədildi.
Həmin vaxtı Avropa haradaydı? Bu gün Avropanın buralara qədər gəlib çıxması, belə bir şou düzəltməyə çalışması özünün daxilindəki problemləri unutdurmaq üçündür. Onlara burada yer yoxdur və bunu bilmələri lazımdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bildirib.

Sabiq səfir qeyd edib ki, Avropa ötən 30 il ərzində münaqişənin ləngiməsinə şərait yaradıb. Bunun qarşılığında isə bir qarış torpaq belə azad edilməyib. 

"30 il gözlətdilər, qarşılığında Azərbaycanın bir qarış torpağını belə azad etmədilər. Azərbaycan güclü lideri, ordusu və xalqın həmrəyliyi ilə 30 illik işğal faktını aradan qaldırdı. ATƏT-in Minsk qrupu işğal faktının aradan qaldırılması üçün heç bir şey etmədi, BMT TŞ-nın məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın icra olunmadı.

Azərbaycan ordusu Ali Baş Komandlanın rəhbərliyi ilə ədaləti bərpa etdi. Buna sözləri nədir? Avropa enerji üçün, qaz təminatı üçün Azərbaycanın qapısını döyür. Amma erməni diasporunun oyuncağı olmaqdan da xilas ola bilmir.

Ona görə də, çıxıb getməlidirlər, onlara burada yer yoxdur. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycan torpaqlarında yaşayırlar.

Bu səbəbdən də heç kim oraya müdaxilə edə bilməz", - deyən H.Kılıç vurğulayıb ki, Azərbaycan öz suveren ərazilərində qayda-qanunu özü yaratmaq iqtidarındadır. Eyni zamanda, Azərbaycan humanizm nümayiş etdirərək Ağdam - Xankəndi yolundan istifadə təklifini irəli sürüb. 

H.Kılıç bildirib ki, bu, olduqca mühüm təklifdir və Avropa bütün oyunlarına son verərək kirli əllərini Azərbaycandan çəkməlidir: 

"Buradan Qarabağda yaşayan ermənilərə müraciət etmək istəyirəm. Artıq oyun bitib - İki il yarımdır ki, oynanılan oyun bitib. Yeni siyasi reallıq mövcuddur - ya, Azərbaycan vətəndaşlığını qəbul edib, inteqrasiya edib sülh, əmin-amanlıq və rifah içində yaşayacaqlar, ya da çıxıb Ermənistana gedəcək, orada kasıb həyat sürəcəklər.

Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq iki il yarım keçdi. Ermənilər üçün heç kim gəlib Azərbaycanla müharibə etməyəcək. Qarabağ erməniləri Azərbaycana reinteqrasiyanı tezləşdirməli, Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Azərbaycanda hər kəs xoşbəxt yaşamaqdadır.

Nəzərə alınmalıdır ki, Azərbaycanda erməni kökənli minlərcə vətəndaş yaşayır. Qarabağ erməniləri anlamalıdır ki, onlardan istifadə edən havadarlar firavanlıq içində yaşayır, amma Qarabağ erməniləri kasıb vəziyyətdə yaşayırlar. Azərbaycan onlara əlini uzadır – bu əli sıxmalı və hətta öpməlidirlər.
Çünki bu əl onlara təhlükəsizlik, rahat həyat, sülh verəcək. Avropalılar isə bilməlidir ki, Qarabağda yaşayan ermənilərin humanitar yardıma ehtiyacı yoxdur. Ehtiyac yaranacağı təqdirdə onu Azərbaycan təmin edər".

Səfir onu da bildirib ki, Avropa öz işi ilə məşğul olsa daha yaxşı olar. Çünki Azərbaycan güclü bir dövlətdir və hətta iki il yarımdan öncəkindən daha güclüdür: 

"Azərbaycanın dünyada yüksək səviyyədə ehtiram göstərilən Lideri var. Xalqın həmrəyliyi günü-gündən güclənir, üstəlik modern bir orduya sahibdir. Eyni zamanda, Azərbaycanın Türkiyə kimi bir qardaşı var. Hər kəs bilməlidir ki, "Şuşa Bəyannaməsi" bizi birləşdirdi. Azərbaycana ediləcək hər hansı bir təzyiq Türkiyəyə ediləcək kimi anlaşılacaq. 

Bu "Şuşa Bəyannaməsi" ilə tövsif olunur. Azərbaycanın haqlı davası hər zaman Türkiyə tərəfindən dəstəklənəcək. Avropa artıq bu regiondan kirli əlini çəkməlidir və bölgədə yaranacaq sülhə mane olmamalıdır.
Onsuz da bu baş verənlərin 30 il uzanmasının səbəbkarı məhz Avropadır. Onlar anlamalıdırlar ki, bu regionda sülhün və ədalətin bərpasına 30 il manne olublar. Qarabağda yaşayan ermənilər isə yeni reallıqlarla barışmalıdırlar, can Azərbaycana inteqrasiya etməlidirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin