Azərbaycan XİN-dən Mirzoyanın əsassız iddialarına CAVAB 

Hazırda oxunan: Azərbaycan XİN-dən Mirzoyanın əsassız iddialarına CAVAB 

148325

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 27 iyul tarixində mətbuata müsahibə zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edən əsassız spekulyasiyalar ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən 27 iyul tarixində mətbuata müsahibə zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir. 

Bildirilib ki, Ermənistan tərəfinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir. 
Azərbaycanın erməni sakinlərin reinteqrasiyası səylərinə dəstək vermək əvəzinə, bu istiqamətdə öz təhrikçi və heç bir məntiqə sığmayan arzularının siyahısını təqdim edən Ermənistanın xarici işlər nazirinin aqressiv ritorikasına beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymət verilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Bununla yanaşı, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin əsl səbəbləri və mahiyyətini təhrif edən, azərbaycanlıları Ermənistan ərazisində hədəf almaqla, onları qətlə yetirməklə, Azərbaycan ərazilərini işğal etməklə, kütləvi qırğınlar törətməklə başlatdığı münaqişənin səbəbinin “Dağlıq-Qarabağın əhalisinin hüquq və təhlükəsizliyi” məsələsi olduğunu iddia edən, “Dağlıq-Qarabağ əhalisi və ərazisi” kimi qondarma məvhumları təkrarlayan Ermənistan xarici işlər nazirinin tarixi səhvlərdən dərs çıxarmaması ciddi təhdid və təhlükə mənbəyidir. 

Xarici işlər naziri A.Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, Ermənistanın aidiyyəti beynəlxalq öhdəliklərini, konvensiyalar çərçivəsində məsuliyyətini pozması, o cümlədən, sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir. 

Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır.

Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün xarici işlər naziri Ararat Mirzoyanın bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir.
Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub. 

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. 

Ermənistan xarici işlər naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək. 

Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır. 

İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Ermənistanın öz mümkün təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.
Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin