İyulun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Rusiya XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.
Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.
2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsinin zəruri tədbir olduğu diqqətə çatdırılıb.
Nazir sərhəd buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən iyunun 15-də keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyini bildirib.
Hazırda Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.
Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.
Bizim.Media