“Biz məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası – red.) bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik və maksimum şəkildə konstruktivlik göstərmişik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzanlanma şərtlərini AÇIQLADI
“Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar.
Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər.
Dövlətimizin başçısı, həmçinin deyib: “Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.
Ölkə başçısı qeyd edib ki, erməni azlığının (Qarabağdakı – red.) hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq:“Biz reinteqrasiya yolu ilə gedəcəyik, getməyə hazırıq”.
Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib:
“Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır?
Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir.
Bizim.Media