Vilayət Eyvazov türkiyəli generalla nəyi müzakirə edib? - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov türkiyəli generalla nəyi müzakirə edib? - FOTO

147148

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Əvvəlcə cənab Ali Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

İyulun 20-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Baş Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Ali Çardakçı Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "Bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin