"Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ABŞ-ın qanunverici orqanında lobbizm adı altında ermənipərəst senator və konqresmenlər çox qaranlıq işlərlə məşğuldurlar".
Bu sözləri Bizim.Media-ya eksklüziv müsahibəsində millət vəkili Elman Nəsirov açıqladı.
Birləşmiş Ştatların bəzi senatorlarının təşəbbüsü ilə hazırlanan anti - azərbaycan qətnaməni şərh edən deputat bildirdi ki, həmin senatorlar "əl əli yuyar, əl də üzü yuyar" prinsipindən çıxış edirlər:
"Onlar konkret maliyyəayırmalar əsasında öz işlərini həyata keçirirlər. Sadəcə burada çox dumanlı, qaranlıq məqamlar var ki, həmin senatorlar Amerikanın yox, şəxsi mənafelərini güdərək Birləşmiş Ştatların milli maraqlarına zidd addımlar atmağa cəhd göstərirlər.
MÖVZU İLƏ BAĞLI:
“Korrupsiya Xərçəng kimidir, metastaz verə bilir” – Elman Nəsirov
Azərbaycana qarşı belə addımlardan birini 1992-ci ilin 24 oktyabrında Azadlığa Dəstək Aktına 907-ci maddəni qəbul etməklə reallaşdırıblar".
907-ci düzəlişin təşəbbüskarlarından biri də hazırki ABŞ lideri olan Baydendir. Siyasətçiləri narahat edən məqam həmin "maddə"ni qəbul etdirənlərdən birinin indi Ağ Ev rəhbəri olması və Cozefin oxşar fəaliyyətləri təkrarlaya bilməsidir...
"O vaxt Bayden də ermənipərəst senator və konqresmenlərin içərisində idi. Onu da qeyd edim ki, çox yanlış və bədnam qətnamədir. Lakin 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın anti-terror koalisiyasında fəal iştirakını nəzərə alıb müvafiq qətnaməni hər il bir il müddətinə dayandırdılar. Amma "907" tam ləğv olunmayıb".
Elman Nəsirovun da dediyi kimi, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq münaqişənin həllində obyektiv, tərərfsiz, qərəzsiz mövqe ortaya qoymalıdır. Amma Amerikalı deputatlar ölkələrinin həmsədr missiyasına daban-dabana zidd addımlar atırlar:
"İndi yenə fəallaşmağa başlayıblar. ABŞ parlamentində Ermənistanla dostluq qrupu fəaliyyət göstərir və orada 200-dən artıq ermənipərəst senator cəmləşib. Onlar çalışır ki, Azərbaycan əleyhinə müəyyən qətnamələrin qəbuluna, Bakıya qarşı sanksiyaların tətbiq olunmasına nail olsunlar.
Guya Azərbaycan 62 nəfər erməni hərbçini əsir saxlayır. Halbuki onlar əsir yox, terrorçudurlar. Çünki savaş 10 noyabr 2020-ci ildə başa çatsa da, onlar həmin ayın 25-i Azərbaycan əsgərləri və mülki əhaliyə qarşı terror aktı həyata keçiriblər.
11 sentyabr faciəsini yaşayan ölkə bu mövzuda ikili standartlarla çıxış etməli deyil. Amma biz bunun əksini görürük. Həmin o ermənipərəst amerikanlar çalışır ki, terrorçuları hərbi əsir kimi qələmə versinlər.
Bununla yanaşı onlar ABŞ-ın müdafiə sahəsində Azərbaycanla əməkdaşlığını əngəlləmək istəyirlər.
İstəyirlər ki, bədnam maddənin (907) hər dəfə bir il müddətinə dayandırılma qaydası ləğv olunsun".
- Belə yanaşma qəbul olunarsa yəqin ki, iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməz. Razısınızmı?
"Azərbaycanla ABŞ əlaqələri strateji xarakter kəsb eliyir. Fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür. Belə qətnamələr bütün bu əməkdaşlıqlara qarşı yönəlmiş addımdır".
"Vaşinqton üçün Bakı regionda strateji tərəfdaşdır və ABŞ-ın bölgədəki ciddi rəqiblərini (Rusiya, İran) nəzərə alsaq, Azərbaycanla münasibətlərin korlanması Ağ Evin dövlətçilik maraqlarına uyğun gəlmir".
Elman Nəsirov bildirdi ki, bütün bunlar nəzərə alınaraq ABŞ-da əvvəlki kimi yenə də anti-azərbaycan cəhdlərinin qarşısı alınacaq. Əks halda "Birləşmiş Ştatlar Azərbaycan kimi strateji tərəfdaşını itirirə bilər".
Anar Rəhimov, Bizim.Media