"Ermənistanda 7 min nəfərlik hərbi təlimlərin keçirilməsi barədə məlumatlar yayılıb.
Düşünmürəm ki, bu məlumatlar erməni ordusunun müharibəyə başlaması barədə birmənalı fikirlərin səsləndirilməsinə əsas ola bilər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda 180 hərbçi, 12 komandir nəzarətə götürüldü - Qarabağ müharibəsi başlarına bəla oldu
Hər halda Ermənistanın nə özü, nə onun iqtisadiyyatı, nə də ordusu yaxın perspektivdə Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmaq iqtidarında deyil".
Bu sözləri Bizim.Media ilə söhbətdə politoloq Elşən Manafov açıqladı. Siyasi ekspertin fikirlərini nə ilə əsaslandırdığı sual olunduqda:
"Çünki Dəmir Yumruq siyasətinin həyata keçirilməsi nəticəsində təkcə Ermənistan ordusuna 3 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
İrəvan iqtisadiyyatının məruz qaldığı itki isə onmilyardlarla dollar hesablanır. Bu səbəbdən Ermənistana müəyyən maliyyə institutları nə vaxtsa kredit ayıracaq olsa belə, İrəvan yaxın zamanda heç öz daxilində yaranan problemləri həll etmək iqtidarında olan dövlət təsiri bağışlamır.
Ermənistandakı siyasi böhran və iqtisadi tənəzzül onların ordusuna yalnız mənfi təsir göstərir. İrəvanda hakimiyyətə iddialı qüvvələr isə bu situasiyadan istifadə etmək istəyir".
Politoloqun fikrincə, İrəvanda hakimiyyət davası aparan qüvvələrin istək, maraqları erməni xalqı və dövlətçiliyinə xidmətdən irəli gəlmir.
"İstər Ermənistan hakimiyyətindəki müəyyən dairələr, istərsə də erməni müxalifətinin revanşistləri ölkədə kapital və mülkiyyətə nəzarət uğrunda mübarizə aparırlar".
Elşən Manafov erməni təlimləri ilə yeni savaşın ola biləcəyi barədə narahatlıqları Qarabağdakı rus sülhməramlıların fəaliyyəti ilə əlaqələndirdi:
"Düşünürəm ki, hər üç ölkə (Azərbaycan, Rusiya və Ermənistan) liderləri arasındakı danışıqların növbəti raundunda Rusiya sülhməramlıları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.
Çünki sülhməramlılar Dağlıq Qarabağda məşğul olduqları iş Azərbaycan dövlətinə aid olan fəaliyyətdir. Belə deyək, həmin fəaliyyət Azərbaycanın beynəlxalq normalarla təsdiqlənmiş hüququdur.
Amma unutmaq olmaz ki, həmin bölgədə kommunikasiya xətlərinin açılmasında 3 ölkənin baş nazir müavinləri səviyyəsində işlər görülür. Türkiyə də prosesdə iştirakçıdır.
Çünki Rusiya, İran və Türkiyə regionda yeni nəqliyyat kommunikasiyalarının yaradılmasında maraqlıdır.
Güman etmirəm ki, adıçəkilən dövlətlər əməkdaşlıq formatını hərbi müstəviyə gətirməkdə maraqlı olsunlar.
Olsa-olsa, Ermənistan hökumətinə təzyiqləri artırmaq məqsədilə erməni müxalifətinin orduda olan təmsilçiləri kiçik pozucu addımlar ata bilərlər.
Partizan döyüşlərinin aparılması kimi müəyyən adımlar atıla bilər, amma bu amillər Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlana biləcəyi barədə fikir, mülahizə yeritməyə heç bir əsas vermir", - deyə Elşən Manafov cavabını bitirdi.
Anar Rəhimov, Bizim.Media