Prezidentdən SÜLH ÇAĞIRIŞI – Ermənistan yekun sazişə qol çəkəcək?

Hazırda oxunan: Prezidentdən SÜLH ÇAĞIRIŞI – Ermənistan yekun sazişə qol çəkəcək?

145854

“Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş 11 iyul tarixli müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Ermənistanın siyasi kursunu kimlər müəyyən edir?

Azərbaycan Prezidentini bu fikirləri təbii ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişi üçün əsas prinsip olmalıdır. Çünki bu fikrin alternativi yoxdur. Amma çox təəssüf ki, Ermənistanın siyasi dairələri sülh sazişinə tam yanlış tərəfdən baxırlar. Daha doğrusu bu cür baxmağa məcburdurlar. 

Çünki rəsmi İrəvanın müstəqil xarici siyasəti yoxdur. Bu ölkənin xarici siyasətini ən yaxşı halda xarici güclər, pis halda isə erməni diasporu müəyyən edir. Ona görə də Ermənistanın siyasi rəhbərliyi əksər məsələlərdə müstəqil qərar vermək iqtidarında deyil. Məhz buna görə də 10 noyabr Bəyanatından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Və bu gedişlə bu hadisənin yaxın zamanda baş verəcəyi də gözlənilmir. 

Rəsmi İrəvanın hazırkı mövqeyi milli maraqlardan çox-çox uzaqdır

Problemin acınacaqlı tərəfi ondan ibarətdir ki, rəsmi İrəvanın hazırkı mövqeyi ermənilərin milli və dövlət maraqlarına qətiyyən uyğun deyil. Çünki, istənilən dövlətin inkişafı və xalqın xoş rifahı dinc qonşuluq şəraitindən asılıdır. Bu mənada Ermənistanın ən böyük qonşuları - Türkiyə və Azərbaycanla 30 ildir ki, normal münasibəti yoxdur. Bu səbəbdən də Ermənistanın həm Avropaya, həm Şərqə və əsas partnyoru olan Rusiyaya çıxışında çox ciddi sıxıntılar var. 
Əhali də dolanışıq üçün davamlı şəkildə Ermənistanı tərk edir. Lakin, xarici güclərdən asılılıq heç cür imkan vermir ki, rəsmi İrəvan yanlış yoldan dönsün. 

Azərbaycan Prezidenti İlham Əliyev dünənki çıxışında da haqlı olaraq qeyd etdi ki, biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir:

“Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də”. 

Böyük dövlətlərin istədiyi nədir?

Ölkə Başçısının bu fikirlərindən aydın olur ki, dünyanın aparıcı dövlətləri bir sıra məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərində də ədalətin zəfər çalmasını istəmir. Beynəlxalq güclər Cənubi Qafqazda sülh yox, müharibə istəyir. Çünki, sabitlik və davamlı inkişaf olan yerdə xarici güclərin sözü keçmir, heç onlara ehtiyac da qalmır. 

Ermənistan kimi dövlətlər isə bütün zamanlarda xarici güclərin əlində alət olub. Bu da ondan irəli gəlir ki, Ermənistan yoxdan var olub. Qədim türk dövlətlərinin torpaqlarında yaradılan bu erməni dövlətinin çox bədnam və xəbis bir missiyası var. O da regionda hər zaman gərginlik yaratmaq, beynəlxalq güclərin maralarına xidmət etmək.

Bu minvalla Azərbaycanın beynəlxlaq hüquqa əsaslanan sülh təklifi Ermənistan tərəfindən hələ uzun müddət qəbul edilməyəcək. Bu vəziyyətdə isə itirən erməni xalqıdır. Çünki, Azərbaycanın indiki məqamda itirəcəyi bir şey yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və suveren hüquqlarını bərpa edib. Və sürətli inkişaf yolu keçir. 
Ermənistansa günbəgün iqtisadi cəhətdən zəifləyir. İnsanlar çıxış yolunu ölkəni tərk etməkdə görür. Artıq hər bir erməni başa düşür ki, “dənizdən-dənizə Böyük Ermənistan” heç zaman reallaşmayacaq bir xülyadır. Ermənilərin bu kimi yanlış və milli maraqlara söykənməyən siyasəti bu gedişlə ölkənin sonuna gətirəcək. Çünki, qonşulara inteqrasiya etməyən, ətrafdakılardan təcrid olunmuş dövlət məhvə məhkumdur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin