XİN başçısı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümününə həsr olunmuş tədbirdə çıxış edib - FOTO 

Hazırda oxunan: XİN başçısı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümününə həsr olunmuş tədbirdə çıxış edib - FOTO 

144765

5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak və çıxış edib. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, QH Əlaqələndirmə Bürosunun nazirlər görüşündə qatılan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə nazir Ceyhun Bayramovla yanaşı, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri, Qoşulmama Hərəkatının əsasının qoyulduğu Bandunq Konfransında şəxsən iştirak etmiş Budimir Lonçar çıxış edib. 

Çıxışında nazir Ceyhun Bayramov, müasir və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin əsasının qoyulması və qorunması istiqamətində çoxşaxəli və fədakar fəaliyyətindən geniş bəhs edib.

Ölkəmizin müstəqilliyinin bərpa olunmasından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış çətin vəziyyət, qaçqın və məcburi köçkün problemi, iqtisadi və sosial böhrana baxmayaraq, Ümummilli Liderin, özünün də dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi, daimi və dönməz etməyə nail olduğunu bildirib. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Xarici siyasətimizin qarşılıqlı faydalı əməkdaşlığın təşviqi, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfə verilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Bu xüsusda, Azərbaycan xalqının milli maraqları, ölkəmizin suverenliyi və ərazi bütövlüyümüzün qorunmasının hər zaman xarici siyasətimizin prioriteti olduğu bildirilib. 

Çıxış edən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, beynəlxalq mühitdə artan gərginliyin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulduğu bu dövrdə Türkiyə Respublikasının Hərəkatın əsas prinsiplərinə sadiq olduğunu qeyd edib. 

Türkiyə və Azərbaycan qardaşlığını "Bir Millət, İki Dövlət" kəlamı ilə təsvir edən dahi şəxsiyyət Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində müstəsna xidmətləri xatırlanıb. 

Tədbirdə çıxış edən keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri, Qoşulmama Hərəkatının əsasının qoyulduğu Bandunq Konfransında şəxsən iştirak etmiş Budimir Lonçar xüsusi qonaq qismində Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə minnətdarlıq bildirib.

Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın iqtisadi və sosial inkişafı, onun region və dünya ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzunun artırılmasında müstəsna rolu qeyd edilib. 
Daha sonra isə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarxı izləyiblər. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin