"Azərbaycan qətiyyətlə inanır ki, regionda davamlı sülh və sabitlik əldə edilə bilən vəzifədir və bu ali məqsədə çatmağa cəmi bir neçə addım qalıb. Təəssüflər olsun ki, sülh danışıqlarındakı bu müsbət təkan və irəliləyişə baxmayaraq, biz Ermənistan nümayəndə heyətindən daim aqressiv və barışmaz ritorika eşitməkdə davam edirik".
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev Vankuverdə ATƏT Parlament Assambleyası Komitəsinin iclasında Ermənistan nümayəndəsinə cavab olaraq deyib.
T.Gəncəliyev bildirib ki, Ermənistan nümayəndə heyəti bu gün komitədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edən bəyanatla çıxış edib.
"Amma burada Ermənistan nümayəndə heyəti öz müqəddəratını təyin etməkdən danışır. Bu Assambleyaya açıq hörmətsizlikdir və Ermənistan bu platformadan sui-istifadə etməyi dayandırmalıdır.
Hörmətli kolleqalar, mən Ermənistan nümayəndə heyətini din məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə etməyi dayandırmağa və bu platformadan sui-istifadə etməyi dayandırmağa səsləmək istərdim. Faktlar inadkardır. Laçın yoluna gəlincə, bu yoldan hər iki istiqamətdə ermənilərin hər gün nizamlı şəkildə keçidi təmin olunur və bu Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən də açıq şəkildə təsdiqlənib. Bütün bunlar əsassız erməni iddialarına ən gözəl cavabdır.
Ermənistan nümayəndə heyətinin bəyanatı açıq-aydın beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan silahlı qüvvələrinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməni pozaraq Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirməkdən yayındırmaq məqsədi daşıyır. Bu, regional sülh və təhlükəsizliyə əsas təhdiddir.
Bu həftə Vaşinqtonda keçirilən danışıqların son raundunun nəzərə alaraq, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri sülh müqaviləsi və münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə nail olmaqda davam etdiyi bir halda, Ermənistanın Assambleyadakı nümayəndə heyətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsiz və təxribatçı bəyanatlar səsləndirməkdə davam etməsi təəssüf doğurur", - deyə T.Gəncəliyev əlavə edib.
Bizim.Media