“Bu, Putinin hakimiyyəti tarixində ən güclü hərbi-siyasi və ümumilikdə 1991-ci ildən bu yana ölkənin ən böyük siyasi böhranıdır. Üsyan özü Ukraynaya qarşı cinayətkar işğalın nəticəsi olan Putinin siyasi sisteminin böyük defoltunun sübutudur”.
Bu fikirləri Bizim.Media-ya Rusiyada ötən həftə yaşananları şərh edərkən, Aİ institutlarında Rusiya demokratik qüvvələrinin koordinatoru, Avropa Xalq Partiyasının analitik mərkəzinin əməkdaşı Peter Tanev deyib.
MÖVZU İLƏ BAĞLI:
“Priqojinin Belarusa səfəri Ukrayna üçün təhlükədir” - İngilis komandirindən XƏBƏRDARLIQ
Rusiyadakı üsyanı səriştəsiz insanların vəzifələrə təyin edilməsi ilə əlaqələndirən Tanev ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirib.
“Niyə bu “Priqojin üsyanı” mümkün oldu? Putin çox uzun müddətdir ki, mənfi seçimlə məşğul olub və tamamilə səriştəsiz və qeyri-adekvat insanları mühüm yerlərə yerləşdirib. Priqojinin Şoyqu və Müdafiə Nazirliyi haqqında dedikləri doğrudur, yəni axmaqlıq və dəlilik miqyası bütün icazə verilən hədləri aşdı. Buna görə də, Putinin etdiyi hər şey uğursuz oldu və bunun fonunda “Vaqnerçilər” döyüşə hazır birlik kimi görünürdülər. Ona görə də, baş verənlər mütləq Putinin ssenarisi deyildi. Bu, onun legitimləşdirilməsi prosesinin başlanğıcıdır. Çünki hamı başa düşürdü ki, bu cür hərəkətlər Putin sisteminin dağıdılmasını sürətləndirəcək. Oyun deyildi, hər şey ciddi idi”, - deyə Tanev əlavə edib.
Bizim.Media-ya danışan amerikalı siyasi analitik İrina Tsukerman isə Tanevdən fərqli olaraq yaşananları teatr səhnəsi olduğunu deyib.
“Aydındır ki, Putinlə Priqojin arasında real problem olub, yoxsa bu, xarici tamaşaçıların xeyrinə səhnələşdirilmiş qarşıdurmadan başqa bir şey deyil. İndi Putinin və Priqojinin bu teatr səhnəsindən istədiyi aydındır. Bir çox suallar qalır: Priqojin bilirdi ki, ordu və təhlükəsizlik qüvvələrinin əksəriyyəti hələ də dövlətin yanındadır və əgər o, Moskvaya çatarsa, öz sütununu tez məhv edəcək. O zaman niyə bu intihar missiyasına getdi? Üstəlik, niyə Kreml onu gələn kimi həbs etməkdənsə, onunla sövdələşməni məqsədəuyğun gördü?
Onu nəinki buraxıblar, hətta bütün ittihamlar götürülüb və o, bu qarşıdurma nəticəsində öz mövqeyini qoruyub saxlayacaq və heç nə itirməyəcək. Vaqner Ukraynada əhəmiyyətli itkilərə məruz qalıb və fəaliyyətinin böyük hissəsi Afrikada cəmlənib, görünür, o, öz talançılıq fəaliyyətini Rusiyanın dövlət maraqları ilə əlaqələndirir. Bütün bunlar şahidi olduğumuz oyunun Putin və Priqojin üçün qarşılıqlı faydalı olması demək idi”, - deyə İ.Tsukerman bildirib.
Baş verən prosesləri Qərblə əlaqələndirməyin yanlış olduğunu deyən xanım Tsukerman, Qərb analitiklərinin də nə baş verdiyini tam anlamadıqlarını qeyd edib.
“Rusiya qüvvələri arasında çaşqınlığı daha da artırmaq mümkün oldu. Bir neçə saatlıq xaosdan lazım olduğu qədər istifadə etdilər. Nəticədə, Putin zəifləmiş, Priqojin güclənmiş görünür, tarazlıq bir qədər dəyişdi, lakin ümumi vəziyyət eyni olaraq qalır və ən pisi odur ki, bunu bir daha nümayiş etdirmiş ola bilərlər.
Qərb təhlükəsizlik agentlikləri üçün də gözlənilməz bir məqam oldu. Biz əsas oyunçuların vəziyyəti və ya kommunikasiyaları və niyyətlərini aydın başa düşə bilmədik. Priqojinin yoxluğunda informasiya müharibəsindən istifadə edərək Rusiya qüvvələrinin heç olmasa bir hissəsinin qaçmasına səbəb olmaq mümkün olmalı idi. Bunun əvəzinə fərziyyələr hərəkətsizliklə başa çatdı və Qərb dramdan heç nə qazanmadı”, - deyə amerikalı analitik əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media