Paşinyan ölkəsinin Türkiyəyə qarşı ərazi iddialarından İMTİNA EDİR? – AÇIQLAMA 

Hazırda oxunan: Paşinyan ölkəsinin Türkiyəyə qarşı ərazi iddialarından İMTİNA EDİR? – AÇIQLAMA 

141754

Ermənistanın Baş naziri Nikol Paşinyan tədricən də olsa reallığı dərk etməyə başlayıb. Belə ki, bir vaxtlar Qarabağın guya Ermənistan olduğundan dəm vuran Paşinyan artıq bu sərsəm ritorikasından əl çəkərək, həqiqətləri söyləmək yolunu tutub. O, bir müddət əvvəl Qarabağı da Azərbaycan ərazisi olaraq tanıdığını bəyan edib. İndi isə Paşinyan ölkəsinin himni və gerbini tənqid edib. 

Erməni mətbuatının yazdığına görə, gerblə bağlı Paşinyan bildirib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyatı yoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı


“Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yaranır: bunun bizə nə aidiyyəti var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? ”- deyə, o bildirib. 

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqat olduğunu söyləyib.

“Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır”, - o, bildirib.

Baş nazir Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib:

“Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Ermənistanda uşaqlar bunu necə bilirlər?”

Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib:

“Uşaqlar Ermənistanın ən yüksək dağını Araqat yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.

Bu açıqlamadan göründüyü kimi Paşinyanın 44 günlük müharibədən əvvəlki ritorikası ilə, ondan sonrakı ritorikası arasında xeyli dərəcədə dəyişiklik var. Deyəsən, artıq Paşinyan reallıqları dərk etməyə başlayıb.  

Paşinyan Ermənistan gerbindəki Ağrı dağı təsvirini tənqid edən açıqlamaları nəyə hesablanıb? Olmaya, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından imtina edir?

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, Paşinyanın bu açıqlaması onun köhnə siyasətdən əl çəkməklə, yeni siyasi kursa keçmək niyyətindən xəbər verir:

“Ümidverici haldır ki, Paşinyan və komandasının üzvləri Ermənistan cəmiyyətinin gözünü tədricən də olsa açmaq yolunu tutub. Onlar bunu məlum səbəblərdən birdən-birə edə bilmədiklərindən, hissə-hissə, yavaş-yavaş edirlər. 

Paşinyan öz sələflərindən fərqli olaraq daha praqmatik xarici siyasət aparmaq niyyətindədir. Ermənistanın əvvəlki rəhbərləri keçən əsrin 90-cı illərindən başlayaraq, 2018-ci ilə qədər başqa siyasət yürüdürdü. Paşinyanın özü də başqa şüarlarla hakimiyyətə gəlib. Amma 44 günlük müharibə, onun nəticələri və ondan sonrakı proseslər Paşinyanın reallıqları dərk etməsinə gətirib çıxarıb. Ona görə də o indi həmin reallıqları cəmiyyətə aşılamaq istəyir. Bu səbəbdən də himni, gerbi tənqid etməklə rəmzi məsələlərdən başlayır”. 

Ekspertin fikrincə, Ermənistan baş nazirinin belə mövqe sərgiləməsi, əsasən də onun Türkiyə ilə münasibətlər qurmaq niyyətindən qaynaqlanır:

“Ona görə də Türkiyənin və müəyyən dərəcədə Azərbaycanın da şərtlərini qəbul edir”.  

Bununla belə həmsöhbətimiz düşünür ki, Paşinyanın bu sayaq yeni yanaşması ermənilərin heç də köhnə steoreotiplərdən əl çəkdikləri anlamına gəlməməlidir: 

“Sadəcə olaraq, reallığa bağlı siyasi kurs aparmaq üçün yeni yanaşma tərzini ortaya qoymalı olub”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin