Bu gün yeni səhifə açıldı

Hazırda oxunan: Bu gün yeni səhifə açıldı

141285

Yüz illərdir dünyanın ictimai-siyasi düzənində bir tezis tez-tez gündəmə gəlir: “Dövlətin dövlətə məhəbbəti olmur, maraqları olur”. 

Bizim.Media nuhcixan.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə bugünkü dövlət səfəri bu deyimi bir daha alt-üst etdi. 


...Dünəndən etibarən Ərdoğanın dövlət səfərinə media resursları kifayət qədər geniş yer ayırır, səfərlə bağlı canlı proqram və verilişlər, analitik təhlillər, şərh və rəylər təqdim olunur.

Təbii ki, bu mühüm səfərin ən diqqətçəkən məqamlarından biri qardaş ölkə Prezidentinin Zəngəzur dəhlizi, eləcə də Naxçıvanın Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində söylədiyi fikirlərdir. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Zəngəzur dəhlizinin tez bir zamanda açılması önəmlidir.
Bu həm də Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq:

“Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına səbəb olacaq. Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da savaşdan sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tunellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ savaşından sonra necə inkişaf etdiyini göstərir”. 

Bəli, bu həmin Türkiyədir. Xatırlayırıq ki, hələ bir əsr əvvəl DÜNYA güclərinin Naxçıvanı Ermənistana birləşdirmək planlarına qarşı ciddi mübarizə apararaq beynəlxalq Qars müqaviləsinin imzalanmasına nail olmuş və Naxçıvanın muxtar ərazi kimi Azərbaycanın tərkibində qalmasının qarantına çevrilmişdi.

Həmin vaxt bölgədə təklənən, daxildən sarsıdılan ay-ulduz qardaşımız, özü zəif düşürülsə belə, Azərbaycanın, Naxçıvanın əlini buraxmamışdı; Mustafa Kamalın Türkiyəsi Naxçıvanla 11 kilometrlik sərhəddən qardaş, dost qapısı kimi bərk-bərk yapışa bilmişdi.

1992-ci ilin 28 mayında ulu öndər Heydər Əliyevlə Süleyman Dəmirəlin açdığı “Ümid” körpüsü isə əsrin sonlarında böhran bataqlığında çabalayan Naxçıvana ikinci həyat vermişdi. Və o dönəmdə ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirilən Qars müqaviləsinin müddəalarını əsas götürən Türkiyə işğalçı Ermənistanın Sədərək istiqamətindən başlatdığı ciddi işğal əməliyyatlarının önünə keçə bilmiş, ümummili liderin qətiyyəti, şəhidlərimizin qanı, qazilərimizin canı, Türkiyənin qardaş dəstəyi ilə Naxçıvan işğaldan qorunmuş, Qarabağın taleyini yaşamaqdan son anda xilas ola bilmişdi...

Bu tarixi köklərə dayanan və Qars müqaviləsinin ruhunu yaşadan tarixi Şuşa Bəyannaməsi ilə zirvəyə daşınan dostluq və qardaşlığımız Türkiyə və Azərbaycanın rəsmi müttəfiqliyi ilə nəticələndi. 

İndi Türkiyə, eləcə də Azərbaycan həm dünyada, həm də regionda qalib, söz sahibi və diqtə edən dövlətdir. Zəngəzur dəhlizi və Naxçıvan faktoru bu güc və birliyi daha da qüvvətləndirir. Türk dünyasının iki böyük liderinin baş planı məhz bu amildir: Zəngəzur dəhlizi və Naxçıvan.

Təsadüfi deyil ki, hazırda İqdırdan Naxçıvana qaz kəməri çəkilir, Naxçıvanın Türkiyə üzərindən enerji ixracı üçün mühüm “yaşıl enerji” layihələri həyata keçirilir, Naxçıvanı Azərbaycanın qərb rayonları, eləcə də Şərqi Zəngəzurla birləşdirəcək ən müasir dəmir yolları tikilir. Bir sözlə, bütün siyasi, iqtisadi və mədəni ehtiyatlar hərəkətə gətirilir... 

Bu günlərdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi məsələsinin həllini tapması Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə yeni və çox əhəmiyyətli bir impuls qazandırdı.
Artıq qruplar halında bölgəyə səfər edən türk iş adamları Naxçıvana investisiya qoymaq planları ətrafında ciddi işlər aparır, azad iqtisadi zonanın verdiyi yüksək imkanlardan yararlanmağa çalışırlar. 


Qısası, bütün sadalanan bu uğurlar iki böyük liderin -  İlham Əliyev və son seçkilərdə qələbəsinə hamıdan çox sevindiyimiz Rəcəb Tayyib Ərdoğan qardaşlığının xalqlarımıza böyük töhfələridir. “Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən qiymətləndirilməsinin təzahürüdür.

Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq.

Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir”,- deyə İlham Əliyev vurğulayıb. Və Prezidentimiz bir daha qeyd edib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır:

“Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”. 

Biz birlikdə güclüyük! Zəngəzur və Naxçıvandan keçib bütün dünyaya açılan yolumuz açıq olsun! 



Sahil Tahirli, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin