XİN başçısı İsrail nümayəndə heyəti ilə regiondakı hadisələri müzakirə edib - FOTO 

Hazırda oxunan: XİN başçısı İsrail nümayəndə heyəti ilə regiondakı hadisələri müzakirə edib - FOTO 

139877

İyunun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Knessetin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteynin rəhbərlik etdiyi nümayəndə heyətində, həmçinin komitənin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner və komitənin üzvü Ram Ben Barak təmsil olunub. 

Görüşdə Azərbaycan və İsrail arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub. 

C.Bayramov diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələr üzrə inkişaf edən əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasını məmnunluqla qeyd edib. Mart ayında İsrail Dövlətinə etdiyi rəsmi səfərə istinad edən nazir Ceyhun Bayramov qarşılıqlı səfərlər, siyasi dialoq və sıx təmasların münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. 

Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, təhlükəsizlik, energetika, mədəni, humanitar, innovasiyalar və s. sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyinin, qarşılıqlı faydalı münasibətlərin, parlament diplomatiyasının səmərəliliyinin ölkələrimizin münasibətlərin inkişafında göstərdiyi səylərin nəticəsi olduğu diqqətə çatdırılıb. 

Komitə sədri Yuli Edelşteyn, Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmət, dəstək və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluqla bəhs edərək, Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da güclənməsinə xidmət edəcəyinə dair inamını ifadə edib. 
Görüş zamanı münasibətlərin inkişafına xüsusi təsir edən amil kimi, yəhudi icmasının rolu vurğulanıb. 

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin