“Sülh sazişi üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: “Sülh sazişi üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur” – Tofiq Zülfüqarov 

139307

İyunun 1-də Moldovanın Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan, Aİ Şurasının rəhbəri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şols arasında 5 tərəfli görüş keçirildi. 

Qeyd edək ki, hələ görüş ərəfəsi bir sıra ekspertlər burada müzakirələrin gedişində nələrinsə əldə olunacağına müəyyən ümidlərin olduğunu bəyan edirdilər.

Yəni bir növ Kişineu görüşünə sülh prosesinin irəliləməsi yolunda böyük ümidlə yanaşırdılar. Məhz onun nəticəsidir ki, həmin görüş geniş rezonans doğurub. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Zəngəzur dəhlizindən imtina edə bilməz - Erməni mətbuatı 


Eyni zamanda görüş zamanı qarşılıqlı təmasların ənənəvi üçtərəfli formatda davam etdirilməsi, danışıqların növbəti raundunun iyulun 21-də Brüsseldə təşkil olunması barədə razılıq əldə olunub. Bunadək isə XİN başçılarının Vaşinqtonda növbəti görüşünün keçiriləcəyi bildirilib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Kişinyeu görüşündən hasil olunan nəticələr heç də Qərbin vasitəçilik təşəbbüsünü öz əlinə alması anlamına gəlmir:

“Kişineu görüşü əslində danışıqlar formatı da deyil. Çünki danışıqlar hansısa sənədi, daimi vasitəçiliyi nəzərdə tutur. Sadəcə imkan yaradılıb ki, gəlib görüşsünlər. Amma bu vasitəçiliyin edildiyi anlamına gəlmir. 

İkincisi, Azərbaycan Qarabağla bağlı məsələni həll etdiyi mövqeyindədir. Qalır Ermənistanla Azərbaycan arasında olan münasibətlər ki, bu da postkonflikt prosesidir. Burada da daim iştirak edən hansısa vasitəçi bizə lazım deyil. Delimitasiya, kommunikasiyaların bərpası məsələsində hansısa texniki kömək məsələləri səslənir. Amma saziş məsələsində hər hansı bir vasitəçiliyə ehtiyac yoxdur”.  

Həmsöhbətimizin fikrincə, Kişineuda əsas müzakirə mövzusu kommunikasiyaların açılması məsələsi olub:   

“Sammitdən öncə olduğu kimi, Kişineuda da əsas məsələ kommunikasiyaların açılması üçün Avropa İttifaqı ölkələrinin Zəngəzur yolunun bərpası ilə bağlı Ermənistana hansısa maliyyə yardımı göstərməsi istiqamətində olub. Problem odur ki, həmin əraziyə nəzarət edənlər Rusiya sərhədçiləridir. Yolun özü isə Rusiya dəmir yollarına məxsusdur. Bu baxımdan Aİ-nin İrəvana həmin məsələdə kömək etməsi də problemlidir”. 

T. Zülfüqarovun sözlərinə görə, Kişineuda sülh sazişi istiqamətində hansısa irəliləyişin olacağı əvvəlcədən də gözlənilmirdi: 

“Çünki həm Vaşinqton, həm də Moskvada bu istiqamətdə geniş müzakirələr olub. Bu mənada Kişineu görüşündə sülh sazişi istiqamətində irəliləyişin olduğunu düşünmürəm”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin