Ermənistanın Metsamor AES-lə bağlı QORXUNC PLANI – “Nüvə tərkibli bomba hazırlamaq üçün...” 

Hazırda oxunan: Ermənistanın Metsamor AES-lə bağlı QORXUNC PLANI – “Nüvə tərkibli bomba hazırlamaq üçün...” 

138563

“1970–ci illərdə Ermənistanda Metsamor Atom Elektrik Stansiyası layihələşdirilən zaman, 4 enerji blokunun inşası da nəzərdə tutulsa da, yalnız ikisi tikildi. Onların inşasında həmin dövrün ən müasir texnologiyaları olan və zəlzəyə davamlı yastıqcıqlarından tutmuş, bütün vasitələrdən istifadə olunmuşdu. Lakin 1988-ci il Spitak zəlzələsi nəticəsində bu reaktorların zədələndiyi məlum oldu və onların faəliyyəti dayandırıldı”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında əməkdar elm xadimi, AMEA-nın müxbir və həqiqi üzvü və kimya elmləri doktoru, professor Adil Qəribov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Metsamor AES-i siyasi oyun alətinə çevirib – TƏHLÜKƏ ARTIR


“Əgər bir fəlakət baş verərsə, bölgədə dəhşətli fəlakətlərə səbəb olacaq” 

Onun sözlərinə görə, 1995-ci ildə yalnız ikinci blok fəaliyyətini bərpa etsə də, birinci blokda çatlar yarandığı üçün fəaliyyətinə icazə verilmədi: 

“Fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələni hamımız xatırlayırıq. Bu baxımdan da, heç kim, hətta heç bir dövlət belə fəlakətlərdən sığortalandığını deyə bilməz. Hətta Türkiyə ilə bir zolaqda yerləşən Ermənistanda da belə bir zəlzələnin baş verib-verməyəcəyini öncədən söyləmək çətindir.  

Bu baxımdan da, ikinci blok böyük bir təhlükə mənbəyidir. Əgər bir fəlakət baş verərsə, bu, təkcə onun sıradan çıxması ilə nəticələnməyəcək, həm də 2011-ci ildə baş verən Fukisima faciəsindən də dəhşətli fəlakətlərə səbəb olacaq. Ətraf mühitə və ekologiyaya böyük zərbə dəyəcək və radioaktiv maddələr ətrafa yayılacaq ki, bu da təbiət, həm də canlı aləm üçün ciddi zərbə olacaq. Blokun su götürdüyü Araz çayının, eyni zamanda Türkiyənin, Azərbaycanın və digər qonşu ölkələrin ərazisinin çirklənməsi kimi problemlər baş verəcək”.   

Bütün bunları nəzərə alaraq, reaktorun fəaliyyətinin tamamilə dayandırılmasının vacib olduğunu söyləyən professor qeyd edib ki, tikinti zamanı reaktorların fəaliyyətinə 25 il vaxt verilmişdi: 

“Bu vaxt çoxdan keçib və artıq 40-cı ilə doğru gedir. Reaktorlar 1980-ci illərin əvvəllərində işə salınan zaman onun fəaliyyətinə qoyulan müddət, həmçinin korpusun və ordakı kommunikasiya xətlərinin davamlılıq müddəti çoxdan başa çatıb. Təkcə kommunikasiya xətlərinin yenidən təmiri üçün bundan sonra 10 il lazımdır. Bundan artıq müddətə uzatmaq mümkün deyil. Hər bir reaktorun özünün əvvəlcədən müddəti, onun korpusunun davamlılığına və tərkibindəki metalların keyfiyyətinə əsasən təyin olunur”.  

“Qərb dövlətləri AES-nin dayandırılması ilə bağlı təşəbbüs göstərmirlər” 

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş baş direktoru Məhəmməd Əl-Baradeyini qəbul edərkən, həmin AES-nın region üçün böyük nüvə radiasiyası təhlükə yaratdığını söyləmiş və ondan stansiyanın işlək ikinci korpusunun fəaliyyətini dayandırması istəmişdi: 

“Hətta prezident İlham Əliyev iki dəfə MAQATE-nin rəhbəri Rafael Qrossi ilə görüşüb və Metsamor AES-lə bağlı məsələ qaldırıb. 2011-ci ildə baş verən Fukisima qəzasından sonra ABŞ-ın həmin dövrdəki prezidenti Barak Obama 4 sammit keçirdi. Onların üçündə prezident İlham Əliyev də iştirak edib və AES-nin bütün nüvə reaktorlarında ən yeni və beynəlxalq təcrübədə əldə olunmuş sistemlər əsasında ekspertizasının aparılması və həm bölgənin, həm də digər ölkələrin təhükəsizliyi baxımından reaktorların fəaliyyətinin dayandırılması ilə bağlı üçün məsələ qaldırıb.  

Ancaq bu seminarın iştirakçısı olan təşkilatlar, hətta aparıcı Qərb dövlətləri AES-nin dayandırılması ilə bağlı təşəbbüs göstərmədilər. 2002-ci ildə MAQATE-yə üzv olduqdan sonra, hər il nümayəndələrimiz qurumun tədbirlərində bu məsələ ilə bağlı çağırışlar ediblər. Amma hər dəfə də bu çağırışlar eşitməməzliyə vurulub”.  

“Ermənilər Azərbaycana qarşı kirli bomba yaratmaq istəyirlər” 

Atom texnologiyasına malik olan ölkələrin nüvə ölkəsi statusunda olduğunu deyən müsahibimiz vurğulayıb ki, onlar uzun illər çıxardıqları yanacağa görə yüksək aktivli nüvə yanacağı ehtiyatına malik olurlar: 

“Ermənilər də bundan istifadə edərək, BMT qarşısında öz ölkələrinin müdafiəsini tələb edəcəklər. BMT nizamnaməsində belə bir maddə var ki, qonşu dövlətlər arasında qarşıdurma yarandığı halda, nüvə dövlətlərində olan təhlükəli obyetklərin müdafiəsi təşkilat tərəfindən təmin olunur. Onlar da bu vasitədən istifadə etmək, ən başlıcası isə, nüvə texnologiyasına və elminə malik olduqlarını dünyaya sübut etmək istəyir.  

Onu da xatırladım ki, bir neçə il əvvəl bu ölkənin parlamentində Azərbaycana qarşı istifadə etmək üçün kirli bombanın istehsal olunması məsələsi müzakirə olundu. Hazırda bu ölkənin belə bir bombaya malik olub-olmadığını heç kim bilmir.

Amma belə bir ehtimal var ki, Ermənistan ayrı-ayrı nüvə tullantılarından və digər seqmentlərindən, eləcə də öz ərazisində mövcud olan uran yataqlarından da istifadə etməklə, nüvə materialları alır və çirkli bombanın istehsalını aparırlar. 

Hətta onlardan ölkəmizə qarşı hər an öz çirkli, terrorçu məqsədləri üçün istifadə edə bilməri ilə bağlı ehtimallar var. Çünki, onlar belə bir texnologiyalara malikdirlər və bu elmi sahəni dərindən bilirlər”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin