Prezidentin mina təhlükəsi ilə bağlı beynəlxalq konfrans iştirakçılarına MÜRACİƏTİ

Hazırda oxunan: Prezidentin mina təhlükəsi ilə bağlı beynəlxalq konfrans iştirakçılarına MÜRACİƏTİ

138107

Prezident İlham Əliyev “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alıb.
2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyub. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanıb. Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulub, etnik təmizləməyə məruz qalbı, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilib, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilib.

Ermənistan bununla kifayətlənməyib işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırıb.

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 57-si həlak olub, 245-i isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib.

Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin, Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirib ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.

Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilib.

Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.

Gördüyümüz bəzi işlərin nəticələri artıq göz qabağındadır və siz Azərbaycanda səfərdə olarkən bunların şahidi olmusunuz.

Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib.

Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulub.
Ulu Öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA yaradılıb. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur.

Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib.

Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir.

Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artıb. 

Qeyd etmək istərdim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə səmərəli əməkdaşlıq edir və bizə dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.

Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.
Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sədrlik etdiyimiz Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.

Bugünkü konfrans mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir.

İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “minalardan təmizlənmiş dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin