ATƏT PA-nın sədri: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirik

Hazırda oxunan: ATƏT PA-nın sədri: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirik

137828

Mayın 24-də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvləri Assambleyanın sədri Marqareta Sederfelt ilə görüşüblər. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin sədri Azay Quliyev Milli Məclislə ATƏT PA-nın Bakıda keçirilən birgə konfransına verdiyi dəstəyə və tədbirdə şəxsən iştirakına görə Marqareta Sederfeltə təşəkkürünü ifadə edib. 

Azay Quliyev “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusuna həsr olunan beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb, tədbirə 30-a yaxın ölkədən və beynəlxalq təşkilatlardan çoxlu sayda parlamentarinin qatıldığını və ATƏT regionu, eləcə də dünya üçün vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını diqqətə çatdırıb. 

ATƏT PA-nın sədri Marqareta Sederfelt göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, konfransın çox aktual mövzuya həsr olunduğunu deyib.

O, ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfərinin çox səmərəli keçdiyini bildirib, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji konsepsiyalarına uyğun həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb, Azərbaycanın bu işə böyük vəsait yönəltdiyini qeyd edib.

ATƏT Parlament Assambleyasının sədri regionda dayanıqlı sülhün yaranmasının əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid etdiklərini qeyd edib, sülhün yaranması prosesində parlament diplomatiyasının roluna toxunub. 

Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə, Ülviyyə Ağayeva və Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Azərbaycanın müharibədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması üçün irəli sürdüyü təşəbbüslər və atdığı addımlar barədə məlumat veriblər.

Onlar məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramından bəhs edib, işğal vaxtı Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalamanın yenidənqurma işlərinə əngəl törətdiyini diqqətə çatdırıblar.

Deputatlar Azərbaycanın yaşıl enerji və yaşıl iqtisadiyyatın dəstəklənməsi və təşviqi istiqamətində həyata keçirdiyi tədbirləri, ölkəmizin yaşıl enerjinin istehsalı və ixracı sahəsində malik olduğu zəngin potensialı diqqətə çatdırıblar. 
Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Ağalar Vəliyev və digər şəxslər də iştirak ediblər. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin