Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar qurultayının keçiriləcəyini hələki təsdiqləməyib. Hakim partiya tərəfindən gizli saxlanılan qurultayın sabah mövcud pandemiya səbəbindən təxminən 200 nəfərlik tərkibdə mediaya və ictimaiyyətə qapalı keçiriləcəyi deyilir.
YAP-ın parlament təmsilçiləri olan deputatlar isə mətbuata açıqlamalarında qurultaydan xəbərsiz olduqlarını bildiriblər.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan YAP-ın Siyasi Şurasının üzvü Şahlar Əsgərov qurultayın keçiriləcəyini təsdiqləsə də, tədbirin sabahkı tarixdə planlaşdırıldığından xəbərsiz olduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
4 müxalifət partiyası YAP-a qoşulur! - SENSASİYA
“Bu gün şəhərdə olmamışam və elə bir zəng də almamışam. Amma bizə deyildi ki, qurultaydan öncə peyvənd olunmalısız. Mən də peyvənd olunmuşam. Başqa bir şey bilmirəm”.
Qeyd edək ki, özəl mənbələr partiyanın tərkibinin yenilənəcəyini və bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağını istisna etmirlər. İddia olunur ki, YAP rəhbərliyində tamamilə yeni komanda təmsil olunacaq.
Qurultayın gizli saxlanılması YAP-dan yola salınacaq şəxslərlə bağlıdır.
Məlumat var ki, Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-ın İdarə Heyətinin üzvü Siyavuş Novruzov növbədənkənar qurultayda yeni gənc kadrlarla əvəzlənəcək.
Alçina Amilqızı, Bizim.Media