İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib - VİDEO

Hazırda oxunan: İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib - VİDEO

137446

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirib. 

Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini deyib, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb.
Parlamentlər səviyyəsində əlaqələrin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti ölkələrimizin müxtəlif parlamentlərarası beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edib. Dövlət başçısı Daniyela Curoviçin ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğulayıb.

Qonaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Daniyela Curoviç Azərbaycanla Monteneqronun dost ölkələr olduğunu vurğulayaraq, Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsinin önəminə toxunub, bu tədbirdə enerji və ərzaq təhlükəsizliyi, həmçinin digər mühüm məsələlərin müzakirə olunduğunu bildirib. 

Monteneqro parlamentinin sədri konfrans çərçivəsində Zəngilan rayonuna səfərin də təşkil ediləcəyini və işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri ilə yerində tanış olacaqlarını diqqətə çatdırıb.

Qonaq Monteneqronun Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkələr arasında çarter aviareyslərinin həyata keçirildiyini deyən Daniyela Curoviç bunun turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd edib, gələcəkdə bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Görüşdə, həmçinin sərmayələr sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin