Son günlər dünyanın kütləvi informasiya vasitələri ən çox xəbər tirajladığı məsələlərdən biri də Ukraynanın Baxmut şəhəri ilə bağlıdır. Bir-birini təkzib edən xəbərlərdə bilinən reallıq odur ki, şəhər uğrunda gedən döyüşlərdə itkilərin sayı hər iki tərəfdən kifayət qədər böyükdür.
Məsələn, ABŞ prezidenti Co Bayden şənbə günü bildirdi ki, Baxmut uğrunda döyüşlərdə ruslar 100 minə yaxın canlı qüvvə itirib.
Hərbi texnikanın itkiləri isə milyard dollarla hesablanır. Ukraynanın itkilərinə gəldikdə isə NATO mənbələrinin hesablamalarına görə Baxmut döyüşlərində ölən hər beş rus əsgərinə qarşı Ukrayna bir əsgərini itirir. Ukraynanın milli təhlükəsizlik üzrə katibi Oleksiy Danilova görə bu rəqəm bir qədər fərqlidir, yəni itki 7-nin 1-ə nisbətindədir.Bu da o deməkdir ki, bu kiçik şəhər uğrunda Ukrayna ordusu qısa zamanda ən azı 20 min əsgərini itirib.
Bəs, Baxmut niyə bu qədər önəm daşıyır?
Sualın cavabına keçməzdən əvvəl onu deyək ki, işğaldan əvvəl Baxmutda təxminən 70 min əhali yaşayırdı. Şəhər duz, gips mədənləri və böyük şərab müəssisələri ilə məşhur idi. Lakin, aparılan ağır döyüşlər nəticəsində həm şəhər, həm də şəhərdəki istehsal sahələri və infrastruktur tamamilə dağıdılıb. Şəhər əhalisinin çox böyük hissəsi didərgin düşüb.
MÖVZU İLƏ BAĞLI:
Moskva Baxmutun dağıdılmasında ABŞ-ı günahlandırdı
Evlərini tərk etmək istəməyənlərin çoxu isə həlak olub. O ki, qaldı Baxmutun hər gün əldən-ələ keçməsi və şəhər uğrunda qanlı döyüşlərin uzun müddət davam etməsinə, bunun tək bir səbəbi var.
Baxmut şəhərini qazanan tərəf qarşıdakı yay müharibəsininin taleyini öz xeyrinə dəyişmiş olacaq.
Bildiyimiz kimi qış aylarında cəbhə bölgəsində elə də böyük hərbi əməliyyatlar keçirilmədi. Havaların isinməsi ilə əlaqədar hər iki tərəf qızğın döyüşlərə girişdi. Və bu döyüşlərin də mərkəzi təsadüfən Baxmut şəhəri oldu. Ümumilikdə isə Baxmut çox az strateji əhəmiyyətə malik bir yerdir.
Bura hər hansı hərbi qarnizonun yerləşdiyi, nəqliyyat xətlərinin kəsişdiyi və ya ən çox əhalinin məskunlaşdığı bir şəhər deyil. Ən əsası Baxmut 1200 kilometrlik cəbhədə kiçik taktiki ərazilərdən biridir. Ona görə də Baxmut uğrunda döyüşlər çox qanlı və çətin gedir.
Nəzərə alaq ki, Rusiya qüvvələrinin ötən ilin yayında Severodonetsk və Lisiçansk şəhərlərini ələ keçirdikdən sonra cəbhədə elə bir uğur qazanmayıb. Həmin vaxtdan bugünədək Rusiya çox kiçik ərazi əldə edib və bu proses qış aylarında olduqca ləng gedib. Ona görə Rusiyanın Baxmutda qələbə qazanmağa çox ehtiyacı var.
Baxmut döyüşlərini ruslar daha çox Stalinqrad uğrunda gedən məşhur döyüşlə müqayisə edirlər.
Baxmayaraq ki, ötən gün Rusiya KİV-ləri məlumat yaydı ki, Prezident Putin Baxmutun ələ keçirilməsi münasibəti ilə bağlı hərbçilərə təbrik ünvanlayıb və onları təltif edib. Lakin, Qərbdən gələn xəbərlər Rusiyanın tam qələbəsini təsdiqləmir.
Baxmutda qazanılacaq qələbə Ukraynaya da hava və su qədər vacibdir. Həm ona görə ki, bu qələbə hesabına yay aylarında Kiyev üstünlüyünə təminat yaratmaq istəyir. Həm də ön və arxa cəbhədə psixoloji vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Hələ rəsmi Kiyevin Qərb qarşısında götürdüyü öhdəlikləri demirik. Amma bütün hallarda kiçik bir şəhər uğrunda döyüşlərin bu qədər uzanması gələcək üçün yaxşı heç nə vəd etmir.
Qərbin apardığı haylı-küylü təbliğatlar və etdiyi milyardlarla dollarlıq hərbi yardımlar qarşılığında Ukrayna Rusiya qarşısında heç bir əsaslı üstünlük qazana bilmir.
Buna rəğmən, müharibənin qısa zamanda bitməsi Qərbin maraqlarına uyğun deyil. Qərb Ukrayna-Rusiya müharibəsini ən azı 10 il davam etməsini istəyir. Bunun da bir sıra səbəbləri var.
Birincisi, ABŞ və Avropa bu müharibə hesabına Rusiyanı daha çox zəif salmaq, ən pis variantda Putini siyasi səhnədən silmək istəyir.
İkincisi, çox böyük maddi ehtiyatlara sahib olan Ukraynanı daha çox təsir altında saxlamaq, bu ölkənin sərvətini daha ucuz qiymətə və istədikləri istiqamətə yönləndirməkdir. Məşhur “Taxıl dəhlizi” buna misal ola bilər. Xatırladaq ki, Ukraynanın taxıl məhsullarının hansı ölkələrə və hansı qiymətə satışına Qərb qərar verir. Rəsmi Kiyevin bu məsələdə heç bir seçim lüksü yoxdur.
Üçüncüsü, Rusiyanı müharibə bataqlığına salmaqla Qərb onu dünya liderliyinə iddiasını aradan qaldırmaq istəyir. ABŞ Rusiyanı sıradan çıxarmaqla 30 illik dünya hökmranlığı ömrünü bir qədər də uzatmaq istəyir. Bir sıra məsələlərdə ABŞ-dan asılı olan Avropa ölkələri bunu bilsə də hələ ki, Vaşinqtona qarşı əzələ göstərmək iqtidarında deyil.
Bir sözlə, təkcə Baxmutdakı 70 min dincə əhalinin, ümumilikdə isə 40 milyonluq Ukraynanın və 150 milyonluq Rusiyanın faciələri Qərb üçün heç də maraqlı deyil.
Üstəlik, bir-birini qıran iki slavyan xalqından ədalətsiz və qansız Qərbə nə? Hələ o da var ki, qırılanlar əsasən provaslavlar və müsəlmanlardır. Bu da katolok Qərbin işinə daha çox yarayır.
Surxay Atakişiyev, Bizim.Media