"Yaqub Məmmədov məni yanına dəvət edəndə başladı cığallıq etməyə"

Hazırda oxunan: "Yaqub Məmmədov məni yanına dəvət edəndə başladı cığallıq etməyə"

136843
Keçmiş müdafiə, daxili işlər naziri, sonradan gömrük komitəsinin sədri olmuş Tahir Əliyev bir neçə gün öncə Moderator.az-a cəmiyyətdə geniş rezonans doğuran müsahibə vermişdi. Həmin müsahibəni bu linkdən oxumaq olar---moderator.az/news/136088.html

Onun bu müsahibəsinə cavabında isə Ali Sovetin o vaxtkı sədri Yaqub Məmmədov bəzi təhqiramiz ifadələr işlətmişdi. 

Həmin açıqlamanı da bu linkdən oxumaq olar---moderator.az/news/136399.html

Tahir Əliyev yenidən məsələyə münasibət bildirib və bir daha Yaqub Məmmədovu o dövrdəki prosesləri təhrif etməkdə qınayıb:

"Mənim Moderator.az-a verdiyim müsahibədən sonra Yaqub Məmmədov cavab olaraq deyir ki, indi kimsə Tahir Əliyevi ona qarşı danışdırır. Yaqub Məmmədov məni yaxşı tanıyır. Mən kimisə danışdıra bilərəm, məni danışdırmaq olmaz. Yaqub Məmmədov həmçinin belə bir fikir də işlədib ki, Tahir Əliyevi nazir təyin etdim, o da gedib kimlərəsə qoşuldu. Yaqub Məmmədov onu da gözəl bilir ki, mənə qoşula bilərlər, mən heç kimə qoşulmamışam. O ki, qaldı Tahir Əliyevi kimsə danışdırır məsələsinə, bəli, məni danışdıran elə Yaqub Məmmədovun Şuşanın işğalı ilə bağlı ANS-də gedən 52 dəqiqə 19 saniyəlik verilişdə o dövrdə prezident səlahiyyətlərini yerinə yetirən adam kimi verdiyi qərəzli açıqlamadır. O, bir dəqiqəlik açıqlama verir və onu da ancaq mənə həsr edir, barəmdə uydurmalar quraşdırır, bu uydurmaları cəmiyyətə sırımaq istəyir. 
Mən Moderator.az-a müsahibəmdə demişdim ki, müdafiə naziri olanda xidməti otağıma Rəhim Qazıyev, Şahin Musayev, Vahid Musayev, o cümlədən Etibar Məmmədov gəldi və Vahid Musayev dedi ki, biz bura Yaqub Məmmədovun təklifi ilə yığışmışıq və Yaqub Məmmədov Rəhim Qazıyevi müdafiə naziri təyin etmək istəyir. Bunun üçün də Tahir Əliyev daxili işlər naziri olmağa razılıq verməlidir. Bildirildi ki, bizim bura yığışmağımızı da Yaqub Məmmədovun özü bilir və elə buradan da söhbətin nəticəsi barədə telefonla Yaqub Məmmədovun özünə məlumat verməliyik, o bizim zəngimizi gözləyir. Biz məsələni müzakirə etdikdən sonra mən daxili işlər naziri olmağa razılıq verdim və mənim qərarım elə mənim xidməti otağımdan telefonla Yaqub Məmmədova deyildi. Yaqub Məmədov da “çox yaxşı”x9d deyərək söhbəti yekunlaşdırdı. Amma iki-üç gün sonra Yaqub Məmmədov yeni təyinat üçün məni yanına dəvət edəndə başladı cığallıq etməyə. Bu barədə sizin saytınıza keçən dəfəki müsahibəmdə ətraflı danışmışam. Təsəvvür edin ki, Yaqub Məmmədov bütün bunları bilə-bilə durub deyir ki, Tahir Əliyevi kimsə mənə qarşı danışdırır. Bəlkə Yaqub Məmmədov kimlərinsə xoşuna gəlmək üçün mənim əleyhimə danışmağa başlayıb? Yaqub Məmmədovun daha bir yalanı guya mənim vaxtilə müxalifətin təkidi ilə təyin olunmağım barədədir. Bu onun öz istəyi idi. Yaqub Məmmədov iddia edir ki, guya Ağdamda olanda Etibar Məmmədovun orada batalyonu olduğunu görüb. Yenə yalan danışır. Başqalarından fərqli olaraq ən çətin vaxtlarda mən Ağdamda hərbçilərlə bir yerdə olmuşam. Ona görə də tam əminliklə deyə bilərəm ki, Etibar Məmmədovun Ağdamda heç bir batalyonu olmayıb. Bundan əlavə deyir ki, guya 92-ci ilin 25 aprelində mənim daxili işlər naziri vəzifəsindən kənarlaşdırılmağımla bağlı fərman verdiyi gün Etibar Məmmədov öz dəstəsi ilə gəlib Tahir Əliyevi müdafiə edib. Amma burada da ağ yalan danışır. Mənimlə bağlı həmin məntiqsiz fərmanı verməsindən sonra Yaqub Məmmədovdan soruşdum ki, bu nə oyundur çıxarırsan? Ölkənin bu ağır dövründə niyə işləməyə qoymursan? Bilirsiniz sualıma hansı cavabı verdi? Deyir ki, Etibar Məmmədov təkidlə Tahir Əliyevin tutduğu vəzifədən kənarlaşdırılmasını tələb edir. Bunun tamamilə yalan olmasıyla bağlı keçən dəfə Moderator.az-a açıqlamamada ətraflı danışmışam deyə təkrar etmirəm. Sadəcə bildirim ki, mənim müdafiəmə ölkənin çoxsaylı ziyalıları və hüquq mühafizə orqanları rəhbərləri toplaşmışdı, gecə ilə Bakı və Sumqayıt əhalisinin bir hissəsi ayağa qalxıb Yaqub Məmmədovun bu qərarına etiraz etmişdi. Bunu da o dövrdə hadisələrin iştirakçıları və müşahidəçiləri yaxşı xatırlayır. Ona görə də bir daha bildirirəm ki, nə Etibar Məmmədovun özü, nə də Yaqub Məmədovun iddia etdiyi kimi, onun dəstəsi orada yox idi. İndi baxın görün Yaqub Məmmədov bu yalanları necə uydurur?

Yeri gəlmişkən, bildirməyi zəruri hesab edirəm ki, Yaqub Məmmədov tez-tez Etibar Məmmədovun əleyhinə danışır. Mənə dəqiqliyi ilə məlumdur ki, Yaqub Məmmədov prezident seçkilərində hansı yolla olur - olsun qalib gəlmək üçün Etibar Məmmədovla görüşərək ona baş nazirin birinci müavini vəzifəsini təklif etmək şərtilə onu öz namizədliyindən imtina etməyə, onun seçki kampaniyasında aktiv iştirak etməyi xahiş edib. O vaxt baş nazir olan Həsən Həsənovla küsülü olduğuna görə Etibar Məmmədova birinci müavin postu təklif edərək Nazirlər Kabinetinə bu yolla nəzarəti əlinə almağı düşünürdü. Yaqub Məmmədovun Həsən Həsənovla küsülü olduğunu təfsilatı ilə bilirdim. Bir dəfə Yaqub Məmmədovun razılığını aldıqdan sonra nazirliyin maliyyə idarəsinə göstəriş verdim ki, şəxsi heyyətin əmək haqlarını, rütbə pullarını, məharət dərəcələrini, paykovoy və sair xərclərlə bağlı sənəd hazırlansın, çünki o dövrdə müharibənin əsas ağırlığı Daxili İşlər Nazirliyinin çiynində idi. Hazır sənədlə Yaqub Məmmədovun yanına getdim və etiraf edim ki, o bununla razılaşdı və vəsait ayrılmasına etiraz etmədi. Söhbət zamanı ona bildirdim ki, məsləhət bilsəniz ya təkcə DİN - lə bağlı bu qərarı ayrıca verə bilərsiniz, ya da ümumiyyətlə bütün güc strukturlarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün birgə tədbirlər planı kimi verə bilərsiniz. O zaman qayıtdı ki, mən tam razıyam, amma gedin Həsən Həsənovdan razılıq alın, mən də fərman verim. Mən dedim ki, axı özünüzün Həsən Həsənova deməyiniz daha doğru deyilmi? Onda cavab verdi ki, biz onunla küsülüyük. Amma xoşbəxtlikdən bir neçə gündən sonra güc strukturlarının hamısının sosial vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı fərman imzalandı. 

AXC iqtidarı dönəmindən danışanda da Yaqub Məmmədov tarixi saxtalaşdırmaq və hadisələri təhrif etməık yolu tutub. O vaxt rəhmətlik Elçibəy mənə vəzifə təklif etmişdi. Yeri gəlmişkən, onu da bildirməyi zəruri hesab edirəm ki, həmin dövrdəki prezident seçkilərində Yaqub Məmmədovun ətrafında olan bəzi şəxslər seçkiləri udmaq üçün ən radikal təkliflər verirdilər. Bunun üçün məni daxili işlər naziri postundan kənarlaşdırmağı təklif edirdilər və nəyin bahasına olur - olsun Yaqub Məmmədovu prezident seçməyi planlaşdırırdılar. Seçkilərin nəticələrini qəbul etməyəcəyi təqdirdə də əhalinin qarşısını amansızlıqla almaq da artıq planlaşdırılmışdı. Mən nazir kimi bu məlumatları dəqiqliyi ilə alırdım. Hətta Yaqub Məmmədovun yanında tərəfdarları ilə keçirdiyi toplantılarda səsləndirilən fikir və təklifləri sonradan onun özünə deyirdim. O da həmin şəxslərin ünvanına söyərək deyirdi ki, özləri gəlib təkliflər verirlər, sonradan da bunların hamısını sənə çatdırırlar. Tədbirlərə təkcə Bakıda deyil, rayonlarda da start vermişdilər. Mən birinci həyəcanlı məlumatı Xaçmazdan aldım. Orada Yaqub Məmmədovun çox yaxın adamı, əslən onunla yerli olan Rəfail Hüseynov başçı idi. Yaxşı ki, proseslər başqa məcrada getdi və Yaqub Məmmədov seçilə bilmədi. Yoxsa ölkədə ciddi qarşıdurma olacaqdı və qan töküləcəkdi. 

Sonda bir məqama da toxunmaq istəyirəm. Yaqub Məmmədov mənimlə bağlı son açıqlamasında etikadan kənara çıxaraq “axmaq”x9d və “səfeh”x9d sözləri işlədib. Mən birinci dəfə Yaqub Məmmədova xəbərdarlıq edirəm və deyirəm ki, axmaq və səfeh onun özüdür. Əgər o ikinci dəfə o cür təhqiramiz sözlərdən istifadə etsə mən onu çox kəskin ifadələrlə təhqir etməyə məcbur olacam.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin