Partiyalar üçün ZAMAN DARALIR – Kimlər 5 min üzv sayını toplaya bilməyib? – SORĞU

Hazırda oxunan: Partiyalar üçün ZAMAN DARALIR – Kimlər 5 min üzv sayını toplaya bilməyib? – SORĞU

136285

İyulun 10-da “Siyasi partiyalar haqqında” yeni qanuna müvafiq olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların qeydiyyatı məsələsi bitməlidir. Bu müddətə qədər partiyalar qeydiyyat üçün lazım olan qədər, yəni ən azı 5 min üzv toplamalıdırlar. Amma aydındır ki, heç də bütün partiyalar bunun öhdəsindən gələ bilməyəcək.

Onun nəticəsidir ki, artıq 21 siyasi təşkilat öz fəaliyyətinə xitam verib. Digərləri isə yanvarda qəbul edilən qanundan sonra qoyulan limiti doldurmaq üçün fəaliyyətə keçiblər.

Görəsən, partiyalarda üzv toplamaqla bağlı vəziyyət nə yerdədir?

Bizim.Media-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı üzvlük məsələsində təşkilatda heç bir problemin olmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni qanunun QURBANLARI – Son 2 ayda fəaliyyətini dayandıran 18 PARTİYA – SİYAHI 


“Təşkilatımızın qanun qəbul edilməmişdən 10 minə yaxın üzvü olub. Hazırda isə üzvlərimizin sayı 11 min civarındadır. Ona görə də yeni üzvlərin qəbulu istiqamətində xüsusi işləmək, rayonlara gedib üzv toplamaq problemimiz yoxdur.

Adi qaydada təbliğat apararaq, partiyaya üzv qəbul edirik. Hər həftə 30-40 nəfərə qədər insan partiyamıza üzv qəbul olunur. Qeydiyyatla bağlı bu istiqamətdə heç bir problemimiz yoxdur ki, üzv qəbulu ilə bağlı xüsusi iş qrafiki hazırlayaq”. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə 5 min üzvlük məsələsində o qədər də nikbin deyil:

“Bu məsələ ilə bağlı bölgələrə fəallarımız, qruplarımız səfərbər olunub. Çalışacağıq ki, qanunun tələbinə uyğun şəkildə sayımız olsun. O, halda qeydiyyatla bağlı sənədlərimizi təqdim edəcəyik. Olmayacaqsa, təbii ki, bu barədə də məlumat verəcəyik”.  

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə 5 mindən artıq üzvün təqdim olunması məsələsində problemin olmayacağı qənaətindədir: 

“Partiyamızın bu məsələ ilə bağlı hər hansı bir problemi yoxdur. Kifayət qədər kütləvi bir təşkilatıq. Son dövrlər partiyamızın fəaliyyəti üzvlərimizin sayının bir qədər də artmasına səbəb olub. Amma çətinliklər də var. Üzvlərimizin bir çoxu qeydiyyat yerini, telefon nömrələrini dəyişib. Təşkilatda hazırda bu istiqamətdə texniki xarakterli proseslər aparılır”. 

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə prosesi yekunlaşdırdıqlarını bildirir: 

“MCP qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq artıq demək olar ki, 5 minlik üzvlük məsələsini həll edib. Bu istiqamətdə proses demək olar ki, yekunlaşmaq üzrədir. Bu məsələdə hər hansı bir problem yoxdur”. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də artıq yetərli üzv topladıqlarını qeyd edib:

“Siyasi partiyalar haqqında yeni qanunda əsas məqam 5 minlik üzvün olması məsələsidir. Təşkilatımız artıq beş min üzv məsələsini həll edib. Ölkənin əksər zonalarında olaraq yenidən təşkilatlandıq. İndiyə kimi partiyada 7 mindən bir qədər çox üzvümüz var. Ona görə də partiyamızın qeydiyyatı ilə bağlı problemin olacağını düşünmürəm”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin