XİN son günlər bəzi Avropa ölkələrinin qanunverici qurumları tərəfindən Ermənistan və Azərbaycan arasında əsirlərin mübadiləsi məsələsi ilə bağlı qəbul edilən qətnamələrə münasibət bildirib.
Bizim.Media-nın məlumatına görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir.
“Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir.
Doğru qeyd edirdiniz, son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər.
Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub.
Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar.
Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya Parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb.
Burada ən önəmli məsələ kimi, Parlamentin ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığını və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd etdiyini vuruğulamaq istərdim.
Ümumiyyətlə, bildiyiniz kimi, artıq ikinci dəfədir ki, İtaliya Parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanmış və tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunmuşdular.
Bununla yanaşı, bu ilin 25 fevral tarixində Niderland Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən “Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı” Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu.
Niderland Parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub.
Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış etmiş, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif etmişdir.
Buna rəğmən qətnaməyə düzəliş edilməmişdir. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.
Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir və bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:17 / 03.03.2021
XİN-dən Avropalı parlamentarilərə cavab - ''Şəxsi mövqelərini sülhdən üstün tuturlar''
Hazırda oxunan: XİN-dən Avropalı parlamentarilərə cavab - ''Şəxsi mövqelərini sülhdən üstün tuturlar''
Hazırda oxunan: XİN-dən Avropalı parlamentarilərə cavab - ''Şəxsi mövqelərini sülhdən üstün tuturlar''
13616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.