“Sülhün kökləri” təşkilatı rəhbərinin Azərbaycana səfəri başa çatıb

Hazırda oxunan: “Sülhün kökləri” təşkilatı rəhbərinin Azərbaycana səfəri başa çatıb

135811

Minaların və müharibənin təsirinə məruz qalmış bölgələrdə təmizlənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycana ikinci səfəri başa çatıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən (ANAMA) məlumat verilib.

Səfər çərçivəsində xanım Heidi Kühn işğaldan azad edilmiş Füzuli rayonuna baş çəkərək, icra edilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, eləcə də minatəmizləmə əməliyyatları ilə tanış olub. 

Minatəmizləmə zamanı aşkar edilən 6 ədəd tank əleyhinə minanın partlayış yolu ilə zərərsizləşdirilməsində iştirak edib. 

Dünyanın mina və müharibənin təsirindən zərər çəkmiş müxtəlif bölgələrində illər sonra inkişafa əngəl ola biləcək təhdidlərə məhz kənd təsərrüfatı vasitəsilə sülh və əmin-amanlıq bəxş etdiyi üçün “Sülhün Kökləri” təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Azərbaycanda səfərdə olarkən “Dünya Ərzaq Mükafatı” (“The 2023 World Food Prize”) laureatı elan edilib. Təqdimat mərasimi ABŞ Dövlət Departamentinin Milli Elmlər Akademiyasında Departamentin Katibi Antoni Blinkenin iştirakı ilə keçirilib. 

Səfər zamanı Bakı Ali Neft Məktəbində xanım Heidi Kühnün mina təhlükəsinə həsr etdiyi və Azərbaycan dilinə tərcümə olunan “Canlanan Torpaq” (Breaking Ground) kitabının təqdimat mərasimi təşkil edilib. 

Azərbaycana səfər çərçivəsində xanım Heidi Kühnün Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşləri təşkil edilib. 
Ölkə rəsmiləri ilə keçirilən görüşlərdə işğaldan azad edilmiş ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsi, Azərbaycana qarşı yaranmış mina təhdidləri, mövcud problemin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, hökumət tərəfindən aparılan yenidənqurma işləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin