Aydın Mirzəzadə: “İrəvan qırmızı xətti keçməməlidir”

Hazırda oxunan: Aydın Mirzəzadə: “İrəvan qırmızı xətti keçməməlidir”

135795

Son günlər Ermənistan ordusunun sərhəddə təxribatları daha da intensivləşib. Ermənilər mayın 10-dan başlayan təxribatlarını mayın 12-də davam etdiriblər. Həmin gün saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

Nəticədə bir əsgərimiz Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. 

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistanın komanda məntəqəsi məhv edilib, bir hərbçisi ölüb. 

Görünən odur ki, Ermənistan sülhə nail olmaq istəmir. Bunun nəticəsidir ki, onlar təxribat törətməklə vəziyyəti yenidən gərginləşdirmək istəyirlər. 

Yaranmış vəziyyət düşməni yerində otuzdurmaq üçün antiterror əməliyyatlarının yenidən başlamasına səbəb ola bilərmi? 

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verib və verəcək:

“Hiss olunur ki, Ermənistan 44 günlük müharibədən nəticə çıxarmayıb. Baxmayaraq ki, artıq ordusu yoxdur və Azərbaycana müqavimət göstərəcək gücə malik deyillər, amma yenə də beyinlərində köhnə dövrdə olduğu kimi ölkəmizə qarşı iddialar səsləndirməkdə davam edirlər. Bu hal özünü tək erməni müxalifətində deyil, iqtidar daxilində də göstərir. Vaxtaşırı ermənilər gah beynəlxalq arenada Azərbaycana qarşı çirkin kampaniya aparır, gah da hərbi təxribatlara gedirlər. Azərbaycan ermənilərin istənilən təxribatına cavab verəcək”. 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan İrəvanın ərazi bütövlüyümüzə qarşı yönəlik addımlarının hamısının qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq:

“Bunun nəticəsidir ki, Azərbaycan Laçın yolundan sui-istifadə edən Ermənistanın ərazilərimizə girişinə qadağa qoydu. Habelə strateji yüksəklikləri almışıq. İndiki təxribatlar Ermənistan ərazisindən törədilib. Həmin mövqeləri də darmadağın etmişik. Ermənistanın hərbi bazası, komanda məntəqəsi məhv edilib. Bunlar Ermənistana ciddi zərbədir. İrəvan qırmızı xətti keçməməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin