İsveçrənin sülhməramlı təşkilatının nümayəndə heyəti Şeyxülislamla görüşüb - FOTO 

Hazırda oxunan: İsveçrənin sülhməramlı təşkilatının nümayəndə heyəti Şeyxülislamla görüşüb - FOTO 

135714

İsveçrənin sülhməramlı təşkilatının nümayəndə heyəti Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Şeyxülislam görüşdə əmin olduğunu bildirib ki, Humanitar Dialoq missiyasının fəaliyyəti dünyada sülh, dövlətlər və xalqlar arasında yaxınlaşmaya vəsilə ola bilər. 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində missiyanın Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirən Şeyxülislam həzrətləri Azərbaycandakı dini tolerantlıq əlaqələrinin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib, işğaldan azad olunmuş ərazilərdə dini abidələrin bərpasına Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqətin mahiyyətini vurğulayıb. 

Azərbaycan və Ermənistan dini mərkəzləri arasında münasibətlərin dinamikasını təhlil edən Şeyxülislam həzrətləri bölgədə sülhün bərpası naminə yeni konstruktiv addımların atılacağına ümid etdiyini bildirib. 

Missiyanın üzvləri - Baş məsləhətçi, səfir Martin Sajdik ( Avstriya) və Avrasiya üzrə məsləhətçi Loran Vinatye (Fransa) HD-nin qlobal əhatə dairəsi, çoxistiqamətli vasitəçilik və geniş şəbəkələri sayəsində ənənəvi diplomatiyanın məhdudiyyətlərindən kənarda işləməyə və tərəfləri qarşılıqlı sülhə cəlb etmək imkanları barədə məlumat veriblər.

Səfir qeyd edib ki, həm beynəlxalq, həm də yerli səviyyəli müxtəlif qurumları, silahlı qrupları, müxalif partiyaları və icmaları bir araya gətirir, onları ortaq gələcək naminə vizyon qurmağa və davamlı sülh yaratmağa səy göstəririk. 

Missiya bir gün əvvəl Ermənistanda katolikos II Qareginlə görüşləri barədə məlumat verərək Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün mümkünlüyünü və qarşılıqlı münasibətlərin bərpası naminə birgə fəaliyyət göstərməyə hazır olduqlarını qeyd edib. 
Şeyxülislam vurğulayıb ki, uzun illər ərzində Ümumdünya Kilsələr Şurasının, Moskva və bütün Rusiya Patriarxiyasının, Gürcü Patriarxiyasının vasitəçiliyi ilə keçirilən çoxsaylı görüşlər nəticəsində münaqişənin xristian-müsəlman müharibəsi kimi dini aspektə keçməsinin qarşısı alınıb, dünya ictimaiyyətinə müharibənin həqiqi mahiyyəti, haqq işimiz barədə informasiya verilib.

Hazırda Eçmiədzinin ölkəmizin əzəli torpaqlarına qarşı ərazi iddialarından əl çəkməsi, revanşist müharibə şüarlarını dayandırması, beynəlxalq hüquq və mükəlləfiyyətlərə riayət etməsi təqdirində Katolikos II Qareginlə görüşləri davam etdirmək ümumi sülhə xidmət edə bilər.

Qafqaz Müsəlmanları İdarəsi bəşəri sülhə vasitə olan proseslərdə iştiraka hər zaman hazırdır. 

Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə həzrətləri tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin